Ukrayna prezidenti Petro Poroşenko Odessa vilayət sovetinin “Petro Poroşenko bloku” partiyasından olan 34 yaşlı deputatı Mariya Qaydarı özünə müşavir təyin edib. Teleqraf.com-un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Mariya Yeqorovna Qaydar Ukrayna prezidentinin ştatdankənar müşaviri təyin edilsin”, deyə fərmanda bildirilir. Mətbuat xidmətinin məlumatına görə, sözügedən fərman martın 28-də imzalanıb.
Mariya Qaydarı işə hələ 2015-ci ilin iyulunda Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili dəvət edib. O, Saakaşvilinin müavini olub. 2015-ci il avqustun 4-də P.Poroşenko Qaydara Ukrayna vətəndaşlığının verilməsi barədə fərman imzalayıb və ona yeni pasport təqdim edib. Ancaq 2016-cı ilin mayında Qaydar vitse-qubernator postundan getməli olub. Çünki o, Rusiya vətəndaşı olaraq qalırdı. Yeni qanuna görə isə məmurlar digər ölkə vətəndaşlığı daşıya bilməzlər, ancaq Ukrayna vətəndaşı olmalıdırlar.
Bununla belə, Qaydar Odessa vilayət sovetinin deputatı olaraq qalırdı. Çünki 2015-ci ildə seçilmişdi.
Bir müddət öncə Rusiya Daxili İşlər Nazirliyi M.Qaydarın Rusiya vətəndaşlığından çıxmaqla bağlı nazirliyə müraciətinin daxil olduğunu açıqlamışdı. Qaydar müraciətinin səbəblərini açıqlayarkən, bildirmişdi ki, o, Ukrayna vətəndaşlığını qəbul etmək istəyir, həmçinin Rusiyada yaşamaq və işləmək istəmir.
Qeyd edək ki, M.Qaydarın atası Yeqor Qaydar (1956-2009) iqtisadçı, iqtisad elmləri doktoru, Rusiyanın dövlət və siyasi xadimi olub. 1991-ci ildən 1994-cü ilədək Rusiyada yüksək dövlət vəzifələri tutub. O cümlədən 6 ay (iyun-dekabr 1992) Rusiya hökuməti başçısının səlahiyyətlərini həyata keçirib. Rusiya Dövlət Dumasının I və III çağırış deputatı olub.
Y.Qaydar 1990-cı illərdə Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri hesab olunur.
Səxavət