ABŞ prezidenti Donald Tramp Suriyanın İdlib şəhərində dinc sakinlərə qarşı kimyəvi silahlardan istifadə edilməsinə sərt reaksiya verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bu məsələdə Suriya prezidenti Bəşər Əsədin məsuliyyət daşıdığını bildirib.
Tramp kimyəvi silahların Suriyada peyda olmasında sələfi Barak Obamanı günalandırıb. O bildirib ki, baş verənlər Obama administrasiyasının zəifliyi və qərarsızlığının nəticəsidir.
ABŞ dövlət katibi Reks Tillerson jurnalistlərə açıqlamasında Suriya hökumətinin dinc əhaliyə qarşı son kimyəvi hücumlarından, İran və Rusiyanın hadisə ilə bağlı üzərinə düşən məsuliyyətdən danışıb.
Tillerson bildirib ki, Rusiya və İran Bəşər Əsəd rejiminin müxaliflərinə və mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsinin qarşısını almalıdır: “Suriya hökumətinin dinc əhaliyə qarşı kimyəvi hücumları qarşısında Rusiya və İranın üzərinə mənəvi baxımından böyük məsuliyyət düşür. Biz baş verən bu dəhşətli hadisəni diqqət mərkəzində saxlayırıq. Rusiya və İran çoxlu günahsız insanın ölümünə səbəb olan bu kimi hücumlara görə böyük məsuliyyət daşıyırlar”.
Qeyd edək ki, aprelin 4-də Suriya hökumətinin bu ölkənin şimal-qərbində yerləşən Xan Şeyxun şəhərciyində müxaliflərə qarşı kimyəvi silahlardan istifadə etməsi nəticəsində uşaq və qadınlar daxil olmaqla azı 100 nəfər həlak olub, 400-dən çox insan yaralanıb.
Samir