Xəbər verdiyimiz kimi, ABŞ Suriya ordusunun aviabazasına qanadlı raketlərlə zərbə endirib. Hücumla bağlı bəzi yeni məlumatlar üzə çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum ABŞ prezidenti Donald Trampın əmri ilə həyata keçirilib. Bununla bağlı Tramp şəxsən məlumat verib. O bildirib ki, bombardman olunan “Əş-Şəyrat” aviabazasından Suriya ordusu kimyəvi silahların saxlanması üçün istifadə edib. Tramp Konqresdə çıxışı zamanı Suriyaya qarşı hərbi tədbirlərin görülməsini nəzərdən keçirdiyini deyib.
Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis də bombardmana məruz qalan aviabazada çox sayda kimyəvi silahın saxlanması xəbərini təsdiq edib: “ABŞ kəşfiyyatının məlumatına görə, aprelin 4-də kimyəvi silahlardan istifadə etmiş təyyarələr məhz bu aviabazadan havaya qalxıb. Zərbə kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirilib”.
ABŞ-ın Suriyada hərbi əməliyyatlara başlaması fikrinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. O, Türkiyənin bu əməliyyatlara dəstək verməyə hazır olduğunu qeyd edib. Ərdoğan Rusiya prezidentinin İdlibdəki hücumu düzgün qiymətləndirməməkdə suçlayıb. Türkiyə prezidenti Rusiyanın bu mövqeyinin üzücü olduğunu deyib.
İsrail baş naziri Binyamin Netanyahu da amerikalı həmkarı Donald Trampın Suriyada hərbi aviabazanın bombardman edilməsi ilə bağlı qərarını alqışlayıb. O əlavə edib ki, bu əməliyyatlarda ABŞ-a tam dəstək verir: “Bu, Trampın Suriyada kimyəvi silahların istifadə edilməsinə qarşı olmasını göstərdi. Trampın bu mövqeyi təkcə Şam hökumətinə deyil, Tehrana, Pxenyana və digər təxribatçı hökumətlərə ciddi mesajdır”.
Rusiya isə ABŞ-ın bu addımına görə BMT Təhlükəsizlik Şurasından təcili iclas çağırmasını istəyib. Bununla bağlı Rusiyanın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Vladimir Safronkov danışıb. O, ABŞ-ı bu addımına görə qınayıb və bildirib ki, belə davam etsə, Suriyanı İraq və Liviyanın taleyi gözləyir.
Samir