G7 ölkələri arxasında Rusiyanın müttəfiqi Suriyanın olduğu idda edilən kimyəvi hücumdan sonra Britaniyanın Rusiyaya qarşı təklif etdiyi yeni sanksiyalar üzrə razılığa gəlməyiblər.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, İtaliyanın xarici işlər naziri qrupun Rusiyanı küncə sıxmaq əvəzinə dialoq qurmaq istədiyini deyib.
ABŞ dövlət katibi Rex Tillerson G7 iclasından sonra İtaliyanı tərk edərək Rusiya ilə keçirəcəyi danışıqlar üçün Moskvaya gəlib. O, Suriya prezidenti Bəşər əl-Əsədin Suriyanın gələcəyində rolu olmayacağını təkrarlayıb.
İtaliyanın Luka şəhərində keçirilən G7-nin iclasında Suriyada qiyamçı qüvvələrin nəzarətində olan Xan Şeyxun şəhərində keçən həftə 89 nəfərin ölümü ilə nəticələnən qaz hücumu ilə bağlı müzakirələr aparılıb.
Suriya hücumun arxasında olduğu iddialarını təkzib etsə də, ABŞ cümə günü Suriyanın Homs vilayətindəki Şəyrət hərbi bazasına 59 qanadlı raket atıb.