Bu ilin yanvar-mart ayları ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 65 vətəndaş saxlanılaraq onlardan 61 ov tüfəngi, 147 patron, qanunsuz ovlanmış 11 quş və 4 heyvan götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, İnzibati xəta törətmiş qanun pozucuları barəsində protokollar tərtib edilərək 56 nəfərə 58136 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 9 qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.
Nazirliyinin əməkdaşları tərəfindən aprel ayının əvvəlində keçirilən reydlər zamanı Ağstafa rayonu “Yaşıl Göl” istirahət mərkəzində 1 qonur ayının, Xaçmaz rayonu “Çənlibel” istirahət mərkəzində 2 Dağıstan turununun və Füzuli rayonu “Qarabağ” istirahət mərkəzində 2 qonur ayının və 3 ceyranın qanunsuz olaraq təbiətdən götürülərək qeyri-sərbəst şəraitdə qəfəslərdə saxlanıldığı aşkar edilib. Faktlar üzrə sözügedən istirahət mərkəzlərinin sahibləri barəsində prokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat cərimə edilib, “Yaşıl Göl” və “Çənlibel” istirahət mərkəzlərindəki heyvanlar Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.
“Qarabağ” istirahət mərkəzindəki heyvanların isə Mərkəzə təhvil verilməsi üçün hazırda zəruri tədbirlər görülür.
İlhamə ƏBÜLFƏT