ABŞ aviasiyasının aprelin 13-də Əfqanıstanda İŞİD-in mövqelərinə endirdiyi hava zərbələri nəticəsində məhv edilən İŞİD terror təşkilatı yaraqlılarının sayı 90-a yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Frans-Press” Agentliyi yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.
“Bombardıman zamanı ən azı 92 İŞİD yaraqlısı həlak olub”, deyə Açin rayonunun qubernatoru İsmayıl Şinvari bildirib. Nanqarxar əyalətinin nümayəndəsi Attalla Xoqyani isə 90 nəfərin ölməsi barədə məlumat verib.
Daha öncə ABŞ-ın zərbələri nəticəsində 80 nəfərin öldüyü bildirilirdi. Bununla belə terror təşkilatı qurbanlar barədə məlumatı gizlədir.
Qeyd edək ki, ABŞ aprelin 13-də nüvə silahı olmayan ən güclü silahını – arsenalında cəmi 14 ədəd olan GBU-43/B adlı 9,5 tonluq bombanı Əfqanıstanın Nanqarxar vilayətində terrorçuların sığınacaqlarına atıb. Amerikalıların “bütün bombaların anası” (Mother of All Bombs, MOAB) adlandırdıqları bomba İŞİD yaraqlılarının istifadə etdikləri tunel və mağaraları məhv etməli idi.
Səxavət