Fransa prezidentliyinə ən şansı namizəd hesab olunan Emmanuel Makronun gənc yaşlarından siyasətdə parlaması hazırda dünya mediasında ciddi müzakirə olunur.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Emmanuel Makron həm də indiyə qədər dünyada ən gənc prezidentliyə namizəd hesab olunur. Gənc siyasətçinin ən böyük dəstəkçisi isə özündən 24 yaş böyük olan həyat yoldaşıdır.
Qeyd edək ki, dünən Fransada prezident seçkilərinin I turunda ən çox səs alan Emmanuel Makron bu qələbəsini özündən yaşca böyük olan həyat yoldaşı Bricit Tronye ilə qeyd edib. Çoxları hesab edir ki, gəncin qısa müddətdə siyasətdə parlamasında onun yaşlı həyat yoldaşı böyük rol oynayıb.
Valideynləri həkim olan, Fransanın Amiens şəhərində doğulan Emanuel Makron Parisdə ali təhsil aldıqdan sonra maliyyə müfəttişi kimi işə başlayıb.
1997-ci ildə Makron 15 yaşında xristian dini məktəbində tanış olduğu teatr müəllimi Bricit Tronye ilə evlənib. Ailəsinin kəskin etirazlarına baxmayaraq, prezidentliyə namizəd sevgisindən imtina etməyib. Onun həyat yoldaşının birinci evlilikdən üç uşağı və yeddi nəvəsi var. Yaşlı xanım Makron ilə evliliyi zamanı uşaq doğmayacağı haqda onunla razılıq əldə edib.
Emmanuel Makron hazırkı Fransa hökumətində vəzifə alıb, prezidentliyə namizəd olduqdan sonra isə vəzifəsindən istefa edib.
Qatı millətçi olan və II turda Emmanuel Makron ilə mübarizə aparacaq Le Pen isə bəyan edib ki, indiki prezident Fransua Olland özünün siyasi varisi olan Makrona hər cür dəstək verir.