SSRİ niyə süqut etdi? Bu geosiyasi kataklizmə təkan verən, onu şərtləndirən hansı mexanizmlər olub? Konkret olaraq hansı şəxsiyyətlər və təşkilatlar nəhəng dövlətin dağılmasından yararlanmağa çalışırdılar? Bu suallar indiyədək milyonlarla insanı düşündürür və onlara cavab vermək bugünkü Rusiyanın çoxsaylı zərbələrə sinə gərə bilməsi üçün vacibdir.
Roma, Bizans, Avstriya-Macarıstan imperiyalarından fərqli olaraq SSRİ hər hansı qlobal hərbi münaqişədə və ya müharibədə məğlub edilməmişdi. Yerlərdə milli zəmində baş verən məhdud toqquşmalar əlbəttə ki, nəhəng dövlətin süqutuna gətirib çıxara bilməzdi. Mövcud olan daxili səbəblər konkret insanların səyi nəticəsində qanlı münaqişələrə çevrildi. Etiraf etmək lazımdır ki, bu münaqişələr sovet hakim elitasının müəyyən hissəsi tərəfindən hər vəchlə qızışdırılır və dəstəklənirdi. Həmin dövrün dərsləri hər bir çoxmillətli ölkə, birinci növbədə isə müasir Rusiya üçün olduqca vacibdir.
1987-ci il böyük dünya üçün əlamətdar il olub. SSRİ-də aşkarlıq siyasəti bəyan edilmiş, MK-nın plenumunda isə bütün səviyyələrdəki Sovetlərə alternativ seçkilərin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bütün dünya gənc sovet lideri Mixail Qorbaçovu alqışlayır, sovet-amerikan münasibətləri sürətlə yaxşılaşır, azadlıq ab-havası duyulurdu.
Bu arada isə SSRİ-nin özünün kiçik dünyasında sovet hakimiyyətinin həll etdiyi düşünülən, əslində isə dərin köklərə malik olan millətlərarası münaqişələr özünü göstərirdi.
Xalqların birliyinə ilk zərbə Azərbaycan SSR-in tərkibində olan, erməni əhalisinin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ Muxtar Vilayətində vuruldu. Britaniyalı jurnalist Tomas de Vaalın “Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə arasında” kitabına müqəddimədə haqlı olaraq qeyd edildiyi kimi, Qarabağ bütün sonrakı münaqişələr üçün tətik rolunu oynamış, “Qorbaçovun Sovet İttifaqını təlatümə salan ilk münaqişə” olmuşdur. Sonra gürcülərlə abxazlar, özbəklərlə qırğızlar arasında toqquşmalar, Özbəkistanda məshəti türklərinin qırğınları başlamışdır. Məhz bu hadisələr sovet respublikalarının sonrakı “suverenliklər paradı”nı mümkün etmişdir.
Ancaq kütləvi millətçi hərəkat Dağlıq Qarabağda başlamışdır. Orada nə baş vermişdir? Ermənilərlə azərbaycanlıların əsrlərdən bəri dinc yaşadığı qədim Qarabağ torpağında əmin-amanlıq 1987-ci ildə - Yerevanda müxtəlif pərakəndə ictimai-siyasi qrupların birləşməsindən yaranan “Qarabağ” komitəsinin fəaliyyətə başlamasından sonra pozuldu. Həmin komitə vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılmasını qarşısına məqsəd qoymuş və muxtariyyətin Ermənistan SSR-in tərkibinə verilməsi uğrunda çıxış edirdi.
Dağlıq Qarabağda həyat səviyyəsi Azərbaycan və Ermənistanın qonşu rayonlarından xeyli yüksək idi. Lakin millətçi fəallar cəlbedici şüarlar irəli sürməklə əslində insanları qırğına və yoxsulluğa düçar etdikləri haqqında heç də düşünmürdülər. Adətən olduğu kimi, pis yaşayanlar deyil, əksinə, yaxşı yaşayanlar daha çox etiraz edirlər. Sonda isə əllərində olanı da itirirlər. Qarabağda da belədir – indi muxtariyyətdə insanlar Azərbaycandan da, Ermənistandan da qat-qat kasıb yaşayırlar.
“Qarabağ” komitəsi vəziyyəti gərginləşdirir
“Qarabağ” komitəsinin üzvləri hörmətli insanlar idi, onların arasında müəllimlər, jurnalistlər, alimlər, hətta akademiklər də vardı. Lakin nə akademik dəqiqlik, nə jurnalist qərəzsizliyi onlara bir ildən sonra qanlı və dəhşətli hadisələrə səbəb olacaq inqilabi mübarizəyə qoşulmağa mane olmamışdır.
“Qarabağ” komitəsinin aparıcı üzvü İqor Muradyan İqtisadiyyat İnstitutunun elmi işçisi idi və Ermənistan SSR-in Dövlət Plan Komitəsində işləyirdi. Qeyd etmək lazımdır ki, Muradyanın özü Qorbaçov dövrünün demokratından millətçiyə qədər bir yol keçmiş və bu gün erməniləri “Rusiyanın qulları” adlandırır. Tomas de Vaala verdiyi müsahibədə Muradyan açıq etiraf edirdi ki, referendum tərəfdarları Qarabağda yaşayan azərbaycanlıların fikri ilə qətiyyən hesablaşmırdılar: “Nə o zaman, nə də indi onların taleyi bizi maraqlandırmırdı”. Bununla belə, azərbaycanlıların nümayəndələri “hakimiyyətin əlində alət” adlandırılırdı. Bu da daha bir mühüm nəticə: ölkəni etirazlarla dağıtmağa başlayanlar ilk vaxtlarda özlərini vətənpərvər kimi qələmə verirlər. Zaman isə göstərir ki, onlar elə əvvəldən xain idilər.
Ölkəni dağıdanların fəaliyyətində sonralar “rəngli inqilablar”ın təşkili üzrə bütün dərsliklərə düşmüş daha bir ümumi xüsusiyyət qərbyönümlü və millətçi ideyaların çulğalaşmasından ibarətdir. Millətçiliyin vasitəsilə insanları aldatmaq daha asan olur.
“Qarabağ” komitəsinin üzvlərindən biri, riyaziyyatçı Vazgen Manukyan sonralar etiraf edirdi ki, “demokratiya ideyası özü-özlüyündə vəziyyəti gərginləşdirmək iqtidarında deyildi”. Bunu yalnız Qarabağın Ermənistana verilməsi ideyası gerçəkləşdirə bilərdi. Həmin ideya ilk baxışdan möhkəm sovet dövlətinin əsaslarını laxladırdı.
DQMV-də Qarabağın ayrılması tələbi ilə ilk tətilləri 1987-ci ilin oktyabr ayında millətçilər tərəfindən qızışdırılan tələbələr təşkil etdilər. 1988-ci il fevralın 20-də DQMV Vilayət Sovetinin sessiyası vilayətin Ermənistanın tərkibinə verilməsi xahişi ilə SSRİ Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə müraciət etmişdir. Həmin gün Stepanakertdə və Yerevanda bu təşəbbüsün lehinə çoxminli mitinqlər keçirildi. Təşkilatçılar ermənilərlə azərbaycanlılar arasında toqquşmaları qızışdırmağa müvəffəq oldular. Minlərlə ailəyə gətirilən bədbəxtlik onlar üçün uğur idi.
Eyni zamanda “referendum” ideyası ortaya atıldı. Onun keçirilməsi üçün imzaların toplanmasında fəallıq göstərənlərdən biri “Qarabağ” komitəsinin üzvü yazıçı Zori Balayan idi. Ziyalı, Baykalın müdafiəçisi, keçmişdə həkim işləmiş Balayan həkimliyin əsas prinsipi olan “ziyan vermə” prinsipini tamam unutmuşdur. Qarabağın müstəqilliyi ideyası pis-yaxşı mövcud olan millətlərarası sülhün əsasını sarsıdır, iki xalq arasında aşkar qanlı qarşıdurmaya yol açırdı.
“Qarabağ” komitəsi tərəfdarlarının topladığı 80 min imzanı fəallar Sov.İKP MK-ya təqdim edərək, onlara dəstək verən “erməni lobbisi”nin köməyinə arxalanırdılar. Və onların sovet iqtidarının xəyanətinə ümidləri özünü doğrultdu. SSRİ prezidenti Qorbaçovun müşaviri Abel Aqanbeqyan kommunistdən və dövlət xadimindən daha çox erməni millətçisi idi. Həlledici məqamda o, ölkənin bütövlüyünü deyil, öz millətini dəstəklədi. Fransız kommunistlərinin qəzeti “L'Humanite”yə verdiyi müsahibədə Aqanbeqyan dedi ki, o, “Qarabağın Ermənistana qaytarılmasını istəyərdi”. İqtisadçı kimi o, hesab edir ki, DQMV-nin Ermənistanla əlaqələri Azərbaycanla olan əlaqələrindən daha yaxşıdır.
Millətlərarası münasibətlərlə deyil, birbaşa sovet iqtisadiyyatı ilə məşğul olmalı olan insanın məsuliyyətsiz çıxışını bütün dünya sezdi, halbuki MK-da Azərbaycan tərəfini inandırmağa çalışdılar ki, bu “yoldaş Aqanbeqyanın şəxsi fikridir”. Narahat olan Siyasi Büro, Qorbaçovun dili ilə desək, anlayırdı ki, “proses başladı”, lakin daha ağır hadisələrin baş verməsindən ehtiyat edərək hər hansı addımlar atmaqdan qorxurdu.
Əgər Mixail Qorbaçovun komandasında ölkəni dağıdanlara Aqanbeqyan kömək edirdisə, Boris Yeltsinin komandasında ermənilərlə azərbaycanlılar arasında nifrəti ən çox qızışdıran SSRİ Ali Sovetinin deputatı Qalina Starovoytova idi. O, “Qarabağ” komitəsinə fəal köməklik göstərirdi. Demokratik hərəkatın fəallarından biri olan Starovoytova Qarabağı dinc vaxtlarda dəfələrlə ziyarət etmiş, etnoqraf kimi buradakı uzunömürlülərin fenomenini araşdırırdı.
Starovoytova Qarabağa müstəqillik verilməsinin əsas tərəfdarlarından biri idi. Bununla o, vahid dövləti sarsıtdığını anlayırdımı? Məşhur hüquq müdafiəçisi Svetlana Qanuşkina “Vlast” jurnalının səhifələrində xatırlayırdı ki, hələ 1980-ci illərin ortalarında paytaxt deputatlarının Qarabağa həsr olunan toplantılarının birində Starovoytova deyirdi ki, “xristianlıq demokrtaik, islam isə qeyri-demokratik dindir”. Fikrimcə, bu demokratın yox, ədavəti qızışdıranın, təxribat salanın sözləridir. Starovoytova “Qarabağ”la Yeltsinin başçılıq etdiyi Rusiya demokratlarının qrupu arasında əlaqələndirici şəxs qismində çıxış etdi.
Kütlənin içərisinə atılmış sözlər məqsədinə çatırdı: sovet partiya yığıncaqlarından və yorucu çıxışlardan bezən insanlar yeni demokratik kumirlərin çıxışlarına qulaq asaraq, çoxmillətli ölkədə millətlərarası problemlərlə oyunların ölkəni fəlakətə sürüklədiyini anlamırdılar.
Rusiya KİV-lərinə verdiyi müsahibələrin birində sonralar Ermənistanın baş naziri olmuş Manukyan etiraf edirdi ki, Ermənistanın müstəqilliyini arzulasa da, SSRİ-nin süqutuna qədər ömrünün çatmayacağını düşünürdü: “Mənə elə gəlirdi ki, yalnız növbəti nəsil müstəqil Ermənistanı görəcək, bizim nəsil isə Sovet İttifaqı çərçivəsində islah edilmiş sosializm görməlidir. Yalnız 1988-ci ildə Ermənistanda Qarabağ hərəkatının başlanması ilə bizdə elə hiss yarandı ki, biz müstəqillik əldə edə bilərik”.
Mərkəzi hökumətin sonsuz müzakirələrə və “prosedur məsələləri”nə başı qarışdığı bir vaxtda, “Qarabağ” komitəsinin nüfuzu artırdı. 1988-ci ilin martında isə ona dəstək məqsədilə ermənilərin “Krunk” adlı ictimai-siyasi təşkilatı yaradılmışdır. Təşkilat Ermənistanın tarixi və mədəni abidələrini öyrənməyi qarşısına məqsəd qoysa da, onun əsl məramı Qarabağın Azərbaycandan ayrılması və Ermənistanın SSRİ-dən çıxması uğrunda siyasi mübarizə idi. “Krunk” SSRİ-də tətillərdən mübarizə silahı kimi istifadə edən ilk təşkilat idi. “Qarabağ” komitəsi kimi, “Krunk”un da özəyini ziyalılar təşkil edirdi, baş ideoloqu isə Ermənistanın gələcək prezidenti Robert Koçaryan idi.
“Krunk”un başçısı yerli tikinti materialları zavodunun direktoru Arkadi Manuçarov idi. Taleyin ironiyasına görə sovet illərində o, “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdu. Əminəm ki, o, həmin ordenə xəyanət edərək siyasətçi olandan sonra xalqlar arasında dostluğu yox, düşmənçiliyi təbliğ edirdi. Ola bilsin ki, adı çəkilən təltif bu gün rəsmiyyət xatirinə verilən orden kimi qəbul edilsin, amma sovet illərində yaşayanlar ordenlərin rəsmi adlarını və şablon şüarları yox, o zamankı SSRİ-də çoxlarını birləşdirən real dostluğu xatırlayırlar.
Biz hamımız gürcü kinosunu sevir, baltikyanı xalqların səliqəliliyinə, ukraynalıların və belarusların qonaqpərvərliyinə heyran qalır, bir-birimizin futbol komandalarına azarkeşlik edir, Mərkəzi Asiyanın qədim şəhərlərinin görməli yerlərini ziyarət edirdik. Biz müxtəlif idik, ayrı-ayrı dillərdə danışdırdıq və ayrı-ayrı mədəniyyətlərə məxsus idik, lakin bir idik və bizi birləşdirən rəhbərlərin çıxışları və zəhmətkeşlərin nümayişləri deyildi. Bu daha böyük bir şey idi – qarışıq nikahlar, əzəmətli və faciəvi nəhəng keçmiş, millətçiliyə nifrət və 1945-ci ilin böyük Qələbəsi.
Beləliklə, xainlərin əli ilə qızışdırılan millətçiliyin nəticələri çox ağır olmuşdur: nikahlar və ailələr dağılmış, insanları qarşılıqlı nifrət bürümüş, vaxtilə ümumi ordunun dünənki əsgərləri isə avtomatları bir-birinə tuşlamışlar.
DQMV-nin Azərbaycandan ayrılması tərəfdarlarının mübarizəsi acı sonluqla nəticələnirdi. Münaqişə Qarabağın cənubunda yerləşən, çoxlu qarışıq ailənin yaşadığı Tuğ kəndindən də yan keçməmişdir. İllərlə birgə yaşayan müxtəlif millətlərin nümayəndələri gəlmələrə deyirdilər ki, ədavət onlara təsir etməyəcək. Lakin artıq 1988-ci ilin sentyabrına yaxın kəndin erməni və azərbaycanlı hissələri arasında sərhəd çəkilmişdi. Böyük bir ailənin tarixçəsi isə fəlakətin rəmzinə çevrildi: azərbaycanlı ata üç övladı ilə kəndin bir tərəfində, erməni anası isə digər üç övladı ilə o biri tərəfində qaldılar.
Həmin vaxtı isə Qarabağda vəziyyət pisləşirdi. Müəssisələr fəaliyyətini dayandırır, muxtariyyətin Ermənistana verilməsi tələbi ilə çoxminli mitinqlər keçirilirdi.
Emosiyalar və dərrakə kömək etmədi
İttifaqın mövqeyini bir daha nümayiş etdirmək üçün 1988-ci ilin martında Sov.İKP MK-nın baş orqanı – “Pravda” qəzetində “Emosiyalar və dərrakə. Dağlıq Qarabağ və onun ətrafında vəziyyət barədə” adlı məqalə çap olundu. Hər bir sözü ölçülüb-biçilmiş bu məqalənin məqsədi münaqişə edən iki tərəfin qızışmış beyinlərini cilovlamaq idi. Müəlliflər isə “Pravda”nın müxtəlif millətlərdən olan üç əməkdaşı idi – xüsusi müxbir Georgi Ovçarenko, Azərbaycan SSR üzrə müxbir Zaur Qədimbəyov və Ermənistan SSR üzrə müxbir Yuri Arakelyan.
Lakin məqalə sərt reaksiya ilə qarşılandı. Sonrakı müsahibələrinin birində Ovçarenko bunları danışırdı: “İş o yerə çatdı ki, küçənin ortasında “Pravda”nın həmin buraxılışını topa ilə yandırır, mənim, redaksiyanın, Arakelyanın özünün ünvanına təhqirlər yağdırılırdı”.
“Qarabağ” komitəsi özünün destruktiv faəliyyətini hətta Ermənistanın Spitak zəlzələsinin ağır nəticələrini aradan qaldırdığı və ona bu işdə bütün SSRİ-nin, o cümlədən Azərbaycanın da köməklik göstərdiyi vaxtı da davam etdirdi. “Qarabağ” komitəsinin hərəkətlərindən hiddətlənən Mixail Qorbaçov 1988-ci ilin dekabrında Ermənistan Kommunist Partiyasının MK-nın nümayəndələri ilə görüşdə komitə üzvlərini təxribatçı şayiələr yaymaqda günahlandırdı. Məsələn, respublikada şayiə yayılmışdı ki, erməni uşaqları Rusiyadan evlərinə dönməyəcək, bütün erməniləri isə Krasnodar vilayətinə köçürəcəklər.
SSRİ hökumətinin başçısı Nikolay Rıjkov xatırlayır ki, Qarabağın ayrılması tərəfdarları Azərbaycandan zəlzələ qurbanları üçün tikinti texnikası ilə yüklənmiş maşınları belə buraxmırdılar. N. Rıjkov xatirələrində yazırdı: “Xatırlatmaq istərdim ki, bütün zamanlarda dünyanın hər yerində faciə insanları daha da yaxınlaşdırırdı. Sülh olmasa da, atəşkəs yaranırdı. Bizim “sonluğumuz”da isə faciədən daha ağrılı olsun deyə istifadə edirdilər”.
Qeyd etməyə yerinə düşər ki, Qorbaçovun qatı düşməni olan general Albert Makaşov xilasetmə missiyası zamanı Qarabağın ayrılması tərəfdarlarının hərəkətlərinin qiymətləndirilməsində SSRİ prezidenti ilə həmrəy idi. Həmin vaxtı Yerevanın komendantı təyin olunmuş Makaşov “SSRİ-nin faciəsi” adlı xatirələrində belə yazırdı: “Dəhşətli zəlzələ separatçıları sakitləşdirmədi, əksinə onları daha da coşdurdu”. O, Qarabağ məsələsini haqlı olaraq “regionda separatist ehtirasların qızışdırılması aləti” adlandırırdı. General öz kitabında sovet dövründə ermənilərin və azərbaycanlıların dinc yaşadığını belə xatırladırdı: “Yaxşı yaşayır və yalnız kimin çaxırı daha yaxşıdır və kimin çörəyi daha dadlıdır kimi məsələlərdə rəqabət aparırdılar”.
Məhz Makaşov 1988-ci ilin dekabrında “Qarabağ” komitəsinin üzvlərini həbs etdirdi. Lakin bir müddət sonra “Moskva ictimaiyyəti”nin təzyiqi altında onları azadlığa buraxdılar. Həbs olunanlar arasında Ermənistanın gələcək prezidenti Levon Ter-Petrosyan da var idi.
Spitak zəlzələsinin nəticələrinin aradan qaldırılmasında böyük işlər görmüş SSRİ-nin baş naziri Nikolay Rıjkov hiddətlə xatırlayırdı ki, “Qarabağ” komitəsinin üzvləri təbii fəlakətin guya bombanın partlaması nəticəsində baş verdiyini deyirdilər. Hərəkat üzvləri və onların moskvalı müttəfiqləri nəhəng çoxmillətli ölkənin dağıdılması naminə ən ağlasığmaz şayiələri işə salmışdılar.
“Kiyevsayağı cücəyə” dönmüş qaranquş
Qarabağ ölkənin süqutundan xəbər verən ilk qaranquş oldu. Sanki hərəkətə keçməyə siqnal gözləyən kimi, SSRİ-nin müxtəlif respublikalarında “alyanaq komsomol rəhbərlərinin” və marksizm-leninizm müəllimlərinin məharətlə manipulyasiya etdiyi kütləvi xalq cəbhələri və milli hərəkatlar yaranmağa başladı.
İnsanların daha geniş müstəqilliyə can atması başa düşüləndir, amma bir “amma” var idi - əksər yerlərdə mitinqlərdə yerli və hətta ittifaq partiya rəhbərliyinə yox, milli respublikalara öz ürəyinin hökmü ilə deyil, işləmək üçün və ya müharibədən sonra dağılmış təsərrüfatı bərpa etmək üçün gələn sadə insanlara lənət yağdırırdılar. Dünənki dostlar və mehriban qonşular onları qonaq çağıranların, övladları ilə maraqlananların sərt baxışları ilə rastlaşırdılar. “Çıxın gedin” – bu onların eşitdiyi ən yumşaq söz idi. Son günlərədək yaşadığı respublikaya sevgi də olmasa, rəğbət bəsləyən, burada yaşayan, işləyən, övladlarını böyüdən insanlar bu sözü eşitməyə məcbur olurdular.
Erməni millətçiləri kimi Baltikyanı respublikaların müxalifətçi təşkilatlarının fəalları da dərhal müstəqillik tələb edirdilər. Öz güclərini nümayiş etdirmək üçün onlar 1989-cu ilin avqustunda Tallindən Vilnüsə qədər canlı zəncir yaratdılar. SSRİ hakimiyyətinin çıxışları yatırmağa yönəlmiş lokal cəhdləri insanları qəzəbləndirirdi. Mərkəzi hakimiyyət alternativ təklif etmirdi - heç kim əvvəlki kimi yaşamaq istəmirdi, lakin işıqlı və gözəl xəyal edilən yeni reallıq isə dəhşətli idi.
İlk dəfə Qarabağda yandırılan alov tezliklə bütün ölkəni bürüdü
Qarşıdurmanın başlamasından 30 il sonra Qarabağda münaqişə davam edir. Bütün dünyada, o cümlədən də Azərbaycanda yaxşı tanınan məşhur erməni şairi Ovanes Tumanyanın bal damlası haqqında nağılı var. Nağılda deyilir ki, öz iti ilə ovdan qayıdan ovçu yolun qırağında bal satılan dükan görür. O, satıcıdan xahiş edir ki, balı şüşə qaba töksün, bu zaman balın bir damlası yerə düşəndə satıcının pişiyi onu yalayır. Pişiyi görən it ona hücüm edir və boğur. Pişiyin yiyəsi iti öldürür. İtin yiyəsi pişiyin yiyəsini öldürür və sonra vətəndaş müharibəsi başlayır. Bu gün bu qəmli nağıl daha da aktualdır, ən çox da Rusiya üçün.
Erməni millətçilərinin separatçı tələblərindən başlayan, azərbaycanlıların öz torpaqlarından qovulması ilə müşayiət edilən Qarabağdakı lokal münaqişə qanlı qırğınlara səbəb oldu. Münaqişə sovet hakim elitasının bəzi təmsilçiləri və ölkənin zəifləməsində marağı olan qərb qüvvələrinin fəal iştirakı ilə gündəmə gətirildi. Vaxtında qarşısı alınmadığına görə bu münaqişə bütün Sovet İttifaqında dağıdıcı hərəkatlar üçün ideal model rolunu oynadı və böyük dövlətin süqutuna gətirib çıxardı. Bu il faciəli hadisələrdən 30 il ötür. Bizim vəzifəmiz onların bir daha təkrarlanmaması, millətçilərə və xainlərə ölkəni məsuliyyətsiz tələblərlə dağıtmağa imkan verilməməsi üçün həmin hadisələrdən ibrət dərsi çıxarmaqdan ibarətdir.
Aleksandr Nikolayeviç Perenciyev – p.e.n., Plexanov adına RİU-nun politologiya və sosiologiya kafedrasının dosenti.