1 May 2017 17:38
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən 100 gündə Trampın prezident kimi elə bir uğuru olduğu barədə fikir yürüdə bilmərik. Hiss olunur ki, özünün və komandasının strateji planı yoxdur. Bu da onun reytinqinə mənfi təsir göstərir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu ABŞ-ın yeni Prezidenti Donald Trampın dövlət başçısı kimi fəaliyyətinin ilk 100 günü barədə müşahidələrini bölüşərkən deyib.

O bildirib ki, son hesablamalara görə, Tramp prezident seçkisi kampaniyasında 100-150 arasında vəd vermişdi, lakin bu vədləri yerinə yetirməyə heç başlaya da bilməyib:

“Bunun nəticəsidir ki, reytinqi çox aşağıdır və 1945-ci ildən bu yana 100 günü ən kiçik reytinqlə başa vuran prezidentdir. Meksika ilə sərhəddə divar hörəcəyini deyirdi, edə bilmədi, Barak Obamanın vaxtilə qəbul etdiyi tibbi sığortadan imtina edib özünün hazırladığı tibbi sığortanı tətbiq edəcəyini bəyan edirdi, alınmadı, Konqres buna imkan vermədi. Bundan başqa, Rusiya ilə dostlaşacağını deyirdi, bu da hələ alınmır. Özü də etiraf edir ki, Rusiya ilə münasibətlər ən gərgin dövrünü yaşayır. Çinə qarşı müəyyən iqtisadi sanksiyalar tətbiq edəcəyini deyirdi, indisə söyləyir ki, Çinin lideri mənim ən yaxın dostumdur. Suriya ilə bağlı isə “gərək o münaqişəyə qarışmayaq”, – fikirlərini yürüdürdü, amma özü raket atəşinə tutdu. Bəzən impulsiv qərarlar verir”.

Politoloq hesab edir ki, bununla belə, uğur qazandığı məqamlar da var: “Bunlardan biri Amerikadakı nəhəng istehsalçılara xaricdə zavod və fabrik açmağa imkan verməməsidir. İstehsalçıları inandırıb ki, həmin fabrik və zavodlar Amerikada açılmalıdır ki, ölkə işçi qüvvəsini itirməsin. Fond birjalarında Amerikanın reytinqi yüksəlib. Amma xarici siyasətdə köklü uğuru yoxdur. Daxili siyasətdə düşündüyü addımları ata bilmir. Hələ seçkiqabağı kampaniya dövründən Trampa qarşı tənqidi mövqedə olan medianın əlinə gözəl fürsət düşüb. CNN və digər televiziyalar onun buraxdığı səhvləri ciddi surətdə Amerika cəmiyyətinin müzakirəsinə çıxarırlar. Məsələn, Tramp NATO-nu ciddi təşkilat saymırdı, amma indi sözünü geri götürüb deyir, bu təşkilatla əməkdaşlığı davam etdirəcəyəm. Seçki kampaniyasındakı vədlərin 80-90 faizindən imtina edib. Amma yeni proqram nədən ibarətdir, NATO ilə əməkdaşlığı necə görür, Rusiya ilə münasibətləri hansı formada inkişaf etdirəcək, Suriya və Şimali Koreya məsələsində hansı addımları atacaq - bu məsələlərdə hələ aydınlıq yoxdur. Suriyanı raket atəşinə tutdu, bəs sonra? Şimali Koreya sahillərinə hərbi gəmiləri göndərib sonra geri çəkdi, yəni hiss olunur ki, administrasiyada strateji planlaşdırma həyata keçirilmir”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlunun fikrincə, Donald Trampla bağlı gözləntilər özünü doğrultmadı:

“Amerikanın Rusiya siyasətində dəyişiklik olacağı, bütövlükdə onun ABŞ daxili miqrasiya siyasətinə təsir göstərəcəyi gözlənilirdi, amma gedən proseslər onu göstərir ki, yeni başçı dövlətin əvvəlki siyasətini davam etdirir. Trampın antirus mövqeyi ilə seçilən, Putinin əleyhinə kitabın müəllifi kimi tanınan Fiona Hilli Milli Təhlükəsizlik Şurasına sədr müavini təyin etməsi isə dövlətin dəyərlərinə və əvvəldən davam edən siyasətinə sadiq olduğunu nümayiş etdirdi. Bu hal göstərdi ki, bu təyinatların verilməsində heç də əsas qərar Trampa məxsus deyil, gözlənilən kəskin kənarlaşmalar baş verməyəcək. 100 gün müddətində həm Rusiyaya, həm də Suriya və Şimali Koreyaya münasibətdə Amerika dəyərlərinə hörməti Trampın fəaliyyətində görmək mümkündür”.

Qubad İbadoğlu qeyd edib ki, ən vacib məsələlərdən biri də məhz daxili və iqtisadi məsələlərdir:

“Çünki Trampın iqtisadi-siyasi sahələrə münasibətində müəyyən fərqlər var. O hesab edir ki, daxildə islahatlar getməlidir, 100 gün ərzində dəyişiklik olmasa da, bunlar müxtəlif səbəblərdən reallaşmayıb. Amerikalılar hesab edirlər ki, Trampın 100 gün ərzindəki fəaliyyəti onları təmin edir. Düzü, mən daha ciddi narazılıq gözləyirdim. Trampın kəskin dəyişiklərlə bağlı bəyanatları demək olar ki, ABŞ-ın digər strukturları - Konqres, Nümayəndələr Palatası, Dövlət Departametinin fəaliyyəti ilə tənzimlənir”.

Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı hesab edir ki, Donald Tramp prezident seçilsə də, ona səlahiyyətlərini tam şəkildə həyata keçirmək üçün şərait istənilən səviyyədə olmadı:

“Ona həm cəmiyyətin, həm də siyasi isteblişmentin ciddi basqıları oldu, Tramp 100 gün müddətində tam press altında idi. Verdiyi bir çox vədləri yerinə yetirmədi. Buna cəhd etdi, amma uğurlu olmadı. Çünki həqiqətən həm mediada, həm cəmiyyətdə, o cümlədən Konqresdə təzyiqlə üzləşdi. Bir çox qanun layihəsini geri götürmək məcburiyyətində qaldı. Belə vəd vermişdi ki, ABŞ yalnız öz problemləri və iqtisadiyyatı ilə məşğul olacaq və dünyada gedən proseslərdən çəkiləcək. Amma gördüyümüz o oldu ki, Obama, ümumiyyətlə, Suriyaya müdaxilə etməmişdi, amma Tramp müdaxilə etmiş oldu. Halbuki daha əvvəl demişdi ki, Suriya bizim problem deyil, bu problemlə ABŞ məşğul olmamalıdır. Ancaq Tramp nəinki bu vədləri yerinə yetirdi, 180 dərəcə tam fərqli siyasət yürütdü. Özü də etiraf etdi ki, müəyyən proseslərdən xəbərsiz idi. Bunun da öz nəticəsi oldu”.

Qeyd edək ki, Donald Tramp dünən hakimiyyətdə olmasının 100 günü münasibəti ilə Pensilvaniyada tərəfdarlarının keçirdiyi mitinqə qatılaraq yeni vədlər verib. ABŞ Prezidenti Donald Tramp yeni danışıqlara başlayacağını və ya ABŞ-ın maraqlarına cavab verməyən bütün sazişləri ləğv edəcəyini bəyan edib. Bundan başqa ABŞ prezidenti Şimali Koreya ilə “böyük münaqişə”nin yarana biləcəyini istisna etmədiyini, lakin böhranın diplomatik yolla nizamlanmasına üstünlük verdiyini bildirib.

Xatırladaq ki, ABC telekanalı və “Vaşinqton Post” qəzetinin birgə keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ Prezidenti Donald Trampın fəaliyyətinin ilk 100 günündə reytinqi Duayt Eyzenhauerdən bu günə qədər - ötən 65 ildə ABŞ prezidentləri arasında ən aşağı reytinq olub.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər