15 May 2017 16:15
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 12-dən 13-nə keçən gecə Fransanın Lion şəhərində yerləşən Dini İncəsənət Muzeyindən XIX əsrə aid təxminən 1800 qiymətli daş və mirvari ilə bəzədilmiş tac oğurlanıb. Bu barədə məlumat muzeyin rəsmi saytında yerləşdirilib.

Teleqraf.com Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, mütəxəssislər muzeyin ən qiymətli eksponatından biri olan tacın dəyərini 1 milyon avrodan artıq qiymətləndir. Bundan başqa, daimi ekspozisiyaya aid üzük və kubok da oğurlanan eksponatların arasındadır.

“Müqəddəs Məryəmin tacı” 1899-cu ildə hazırlanıb və Lionun varlı ailələrinin muzeyə bağışladıqları qiymətli daşlarla bəzədilib. 2016-cı ildə daşların hər birinin tədqiq edilməsi və muzey əməkdaşları tərəfindən kataloqa salınması oğurlanan eksponatın axtarışını asanlaşdıra bilər.

Oğurluq dəqiqliklə planlaşdırılıb. Qarətçilər əvvəlcədən siqnalizasiyanı söndürərək yerli vaxtla saat 03:30-da binaya daxil olublar. Polis dərhal hadisə yerinə gəlsə də, cinayətkarları yaxalaya bilməyib.

Hazırda insidentlə bağlı təhqiqat başlayıb və bu səbəbdən muzey ziyarət üçün bağlanılıb.


Müəllif:

Oxşar xəbərlər