Rudolf Hitlerin partiyadakı müavini, portfelsiz reyxs nazir, SS və SA-nın oberqruppenfüreri olub. O, çox yüksək postlar tutub.
Müharibənin “ətçəkən”i
Rudolf Gess 1894-cü ilin 26 aprel tarixində Misirin İskəndəriyyə şəhərində anadan olub. Onun ailəsi ticarətlə məşğul idi və kifayət qədər imkanlıydı. Uşaqlığı və gəncliyi piramidalar ölkəsində keçib. Rudolf Misirə o qədər vurğun idi ki, sonradan misirli ləqəbi ilə çağırıldı. Misirlinin ulu babaları tarixdə də iz qoyublar. Onlardan biri 1386-cı ildə Zempaxe yaxınlığında döyüşdə həlak olub. O, orta əsr İsveçrə tarixində baş verən önəmli bir hadisədə iştirak edib. Rudolfun digər babası İsveçrə və İtaliyada konsul işləyib. Rudolfun atası oğluna böyük ümid bəsləyib və onu kommersiya sahəsinə yönəldib.
Atasının tələbi ilə gənc misirli Hamburqa yollanır və kommersiyanın sirlərinə bələd olmaq istəyir. Amma bu peşə onun xoşuna gəlmir. Rudolf hərbçi olmaq, müharibələrdə, döyüşlərdə iştirak etmək istəyir. Beləcə, I Dünya müharibəsi başlayır.
Gess 1-ci Bavariya piyada alayının sıralarına qoşulur. Amma müharibədə ad-san qazanmaq onun qismətində deyildi. Rudolf ağ ciyərindən yaralanır və piyada bölüyündə xidmət üçün yararsız sayılır. Tezliklə Gess qırıcı aviasiya bölüyünə könüllü kimi yazılır. Nəticədə onun bioqrafiyasının bu faktı təkcə onun taleyində böyük rol oynamadı.
Gess müharibəni “Dəmir xaç” ordeni ilə başa vurdu. Amma cibində qara qəpiyi də qalmamışdı. Atasının Misirdəki şirkəti ingilislər tərəfindən ələ keçirilmişdi. Ailənin yaşamaq üçün heç bir imkanı və vəsaiti qalmamışdı. Rudolf Almaniyanın müharibədəki məğlubiyyətini və ailəsinin müflisləşməsini həzm edə bilmirdi. O, bütün bunların günahkarı kimi sosialistləri, tacirləri və yəhudiləri görürdü. 1919-cu ildə Rudolf Münhenə yollanır. Onun məqsədi hüquq, iqtisadiyyat və tarix öyrənmək idi. O dövrün bir çox ümidsiz gənci kimi Gess də ifrat sağ görüşlü siyasi qruplaşmalara üzv olur. 1920-ci ildə misirlinin həyatında iki vacib hadisə baş verdi. Rudolf alman milli sosialist fəhlə partiyasının Tule cəmiyyətinə üzv olur və Münhen universitetinin geosiyasi kurslarına yazılır. Beləcə Rudolf Adolf Hitler və coğrafiyaşünas, sosioloq Haushoferlə tanış olur. Həm Adolf həm də Haushofer Gessə güclü təsir edirlər.
Müəllim və tələbə
Karl Haushofer böyük şəxsiyyət idi. O, Bavariya hərbi akademiyasının məzunu idi və I Dünya müharibəsi dövründə hərbi xidmətdə olmuşdu. Karl hərb elmindən dərs deyirdi. Yaponiya, Hindistan Mancuriya və Rusiyaya səfər edib. Tibetdə ali ezoterik cəmiyyətdə müəyyən biliklərə sahib olub. Amma bu faktın sənədli sübutu yoxdur. Kölgədə qalmağa üstünlük verən Haushofer siyasət aləmində böyük nüfuza malik idi və öz tələbələrinə böyük təsir göstərirdi. Bu tələbələrdən biri də Gess idi. Haushorfun əsas doktrinası “həyat məkanı” idi. Bu doktrinaya əsasən böyük dövlətlər ərazilərini kiçik dövlətləri “udmaq” hesabına genişləndirmək lazım idi. Onun fikrinə görə, kiçik dövlətlər beynəlxalq vəziyyəti gərginləşdirir və böyük dövlətlərin “təkərinə çomaq soxurlar”. Nasizm ideyasının nəzəriyyəçiləri bu ideyanı həmən qəbul etdilər. Pivə qiyamından sonra Hitler və Gess həbsə düşür. Haushofer isə onları lazım olan kitablarla təmin edirdi. Karlın falçı, maq, hipnozçulara olan marağı onun tələbələrinə, xüsusən də Rudolfa siyarət etmişdi. Nasist karyera pilləkənləri ilə ucalan Gess astroloqun məsləhəti olmadan heç bir vacib addım atmırdı. Bəzi mənbələrə görə Gess ən çox astroloq Sergey Vronskiyə inanırdı. Başqa mənbələrə inansaq, onun sevimli astroloqu Ernst Şulte-Strathaus olub. Gess rəsmi tibbə etibar etmirdi. O, əsasən cadugərlərə, xiropraktiklərə və akupunktura və iridodiaqnostika sahəsi üzrə mütəxəssislərə müraciət edirdi. Rudolf gündəlik olaraq yoqa ilə məşğul olur, ancaq çay içir və vegeterian ərzaqlardan istifadə edirdi. Karl Haushofer ingilis və almanları qan qardaşı sayırdı. Həqiqətən də Elba və Reyn çayları arasında yaşayan anqlosakslar eramızın V əsrinin ortalarında Britaniya adasına köç ediblər. Haushoferin teoriyasına əsasən ingilislər və almanlar qohumluq əlaqələrini unutmamalı və Avropada “qırmızı qızdırma-SSRİ”-yə qarşı vahid cəbhə altında birləşərək mübarizə aparmalıdırlar. Karl bu ideya ilə tələbələrini də tanış etmişdi. Rudolf Gess də Almaniya və İngiltərənin bir-birinə qarşı cəbhə almasına dözə bilmirdi.
Qoroskop
Üçüncü Reyxdə hər bonza (rahib) Hitlerə nüfuzunu gücləndirməyə və rəqiblərinin mövqeyini zəiflətməyə çalışırdı. Bu məqsəd üçün bütün vasitələr yaxşı idi. Kifayət qədər çəkiyə sahib Martin Borman 2 nömrəli nasist Rudolf Gesdən qurtulmaq istəyirdi. Ya Bormanın səyləri, ya da başqa səbəb ucbatından Hitlerin partiya yoldaşı və gənclik dostu misirliyə artıq etibar etmədiyi barədə şayiələr dolaşmağa başladı. Gess təşviş keçirdi və astroloqdan yeni qoroskop tərtib etməyi xahiş etdi. Astroloqun gördükləri Rudolfu mütəəssir etdi. Qoroskopa əsasən Reyxin ikinci şəxsi xaç və dar ağacı formasında görünürdü. Bu isə asılmaq yolu ilə ölüm demək idi.
1941-ci ilin may ayında Adolf Hitler SSRİ-yə hücum etmək planı üzərində işləyirdi. Rudolf Gess isə Auqsburq aerodromundan uçuş məşqləri həyata keçirirdi. 10 may tarixində “Messerşmitt Bf.110” markalı təyyarə havaya qalxdı. Onun ancaq bir istiqamət üçün yanacaq ehtiyatı var idi. Pilot kabinəsində leytenant formalı pilot oturmuşdu. Onun əlində qeyd edilmiş marşrutun xəritəsi var idi. Bu Rudolf Gess idi. Birinci Dünya müharibəsi illərində əldə etdiyi təcrübə ona kömək etdi. Gess İngiltərəyə doğru uçurdu. Onun planlarında təyyarəni Şotlandiyada, köhnə dostu lord Hamiltonun malikanəsi yaxınlığında endirmək idi. Rudolf lordla 1936-cı ildə Berlin Olimpiadasında tanış olmuşdu. Uçuş vaxtı Gess təyyarəni endirmək üçün uyğun məkan tapa bilmədiyi üçün paraşütlə tullandı. Yerli fermerlər onu tapır. Növbəti hadisələr belə cərəyan edir. Gessi Qlazqoya apardılar. Burada o, bəyan edir ki, ingilislərə təslim olmaq qərarına gəlib. Onun məqsədi İngiltərəni SSRİ-yə qarşı mübarizə məsələsində sülh müqaviləsi imzalamaq və mübarizədə qüvvələri birləşdirmək idi. Bununla yanaşı Gess əmin edirdi ki, Fürer Uinston Çörçill ilə danışıqlar aparmaq fikrində deyil. Yaxşı olardı ki, Çörçill istefaya getsin. Hitler hakimiyyətdən kənarlaşdırıldıqdan sonra Çörçill Almaniya hökumətinə rəhbərlik edər.
Elektrik xətti
Misirlinin təyyarə ilə İngiltərəyə uçması bomba effekti yaratdı. Çörçill bu qaçışı absurd adlandırdı. Üçüncü Reyx Rudolfu ağlını itirmiş elan etdi. Stalin zarafata saldı: Malenkovu Hitlerin düşərgəsinə göndərməyi təklif edir. Malenkov Fürerə SSRİ-yə hücum etməməyi məsləhət görməli di.
Bu hadisələrin fonunda Stalin qərara gəlir ki, Almaniya və Britaniya gizli danışıqlar aparırlar.
Rudolfun hərəkəti bu gün də qızğın mübahisələrə səbəb olub. Bəziləri əmindirlər ki, hər şey qaçış kimi görünsə də, əslində Hitler dostunu İngiltərəyə gizli tapşırıqla yola salır. Söhbət hansı missiyadan gedir? Hər şey bu il aydın olacaq. Yəni yaşadığımız 2017-ci ildən söhbət gedir. Çünki britaniyalılar məhz 2017-ci ildə “2 nömrəli millət” xüsusi gizli qrifi altında olan materialları açacaqlarına söz veriblər.
Gess bütün müharibə dövründə İngiltərədə yaşayır. Faşistlər məğlub olduqdan sonra SSRİ yüksək rütbəli hərbi əsirləri, eyni cümlədən Rudolf Gessi təhvil verməyi tələb edir. 1945-ci ilin payızında Rudolf Almaniyaya aparılır və Nürnberq həbsxanasına salınır. Tezliklə Gess Nürnberq məhkəməsində hakim qarşısına çıxır. Vəkillər onun heç bir işdə əli olmadığına inandırmağa çalışsalar da, Rudolf Gess hakimlərin qərarı ilə ömürlük həbsə atılır.
Rudolf cəzasını Berlinin “Şpandau” həbsxanasında çəkir. 1987-ci ilin 17 avqust tarixində 93 yaşlı misirlinin meyiti tapılır. Rəsmi versiyaya görə, Rudolf özünü elektrik naqili ilə boğaraq öldürüb. Rudolf Gess bütün nasistlərin ən sonuncu dünyasını dəyişəni idi.
2011-ci ilin iyul ayına qədər onun ölüm günündə neo-nasistlər Rudolfun məzarı başına toplaşırdılar. Sonradan hakimiyyət qəbri açdırır, meyitin qalıqlarını yandırır və külünü naməlum gölə səpir...
(Ölkə.az)