2 İyun 2017 19:57
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal istiləşmə mif deyil. Arktikada buzlaqların əriməsini, parçalanmasını videokameralarla çəkiblər. Şimal Buzlu Okeanının aysberqləri əriyir, parçalanr və böyük bir qismi suya çevrilir. Bu isə dünya okeanında suyun səviyyəsinin artması təhlükəsini yaradır.

Bunu ABŞ Prezidenti Donald Trampın ölkəsinin İqlimə dair Paris sazişindən çıxmasına dair qərarını Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, atmosferin özündə də müxtəlif təhlükəli proseslər gedir: “Atmosferdə xüsusi zibillənmiş təbəqə formalaşıb ki, bu da yerdən qalxan zəhərli qazların atmosferdə toplanması hesabına müxtəlif hava kütləsinin yerdəyişməsinə ciddi əngəllər yaradır. Yəni, ekoloji fəlakətin mövcud olduğuna, hər gün bir az da ciddiləşdiyinə dair çoxlu misallar gətirmək olar. Bunlar dünyada istilik effekti yaradır. Çayların quruması halları baş verir. Azərbaycanda da çayların qurumasına rast gəlinir. Meşə sahələrinin azalması faktları və s. hallar var”.

Q.Hüseynli qeyd edib ki, Tramp dünya alimlərinin uzun illərdir apardıqları tədqiqatları və sübuta yetirdikləri nəticələri heçə sayır: “Onun əsas məqsədi guya Amerika büdcəsini qorumaqdır. Amma ən böyük sənaye istehsalçısı olan və dünya okeanının, eləcə də atmosferin çirklənməsinə görə daha çox məsuliyyət daşıyan ABŞ kimi bir ölkə ekoloji problemlərin artmasının qarşısının alınması prosesində iştirak etmək, bu işə vəsait qoymaq istəmir. Zənnimcə, bu, Trampın bilgisizliyindən irəli gəlir. Artıq ABŞ-ın üç böyük ştatı – Nyu York, Vaşinqton və Kaliforniya ştatları Trampın Paris sazişindən çıxmasına etiraz əlaməti olaraq öz üzərlərinə düşən öhdəlikləri bundan sonra da yerinə yetirəcəklərini bəyan ediblər. Söhbət atmosferə atılan müxtəlif tullantıların sayının azaldılmasından, xüsusən iri fabrik və zavodlarda təmizləyici filtrlərin qurulmasından, çay və su hövzələrinin, eləcə də dəniz hövzələrinin çirkləndirilməsinin qarşısının alınmasından, böyük şəhərlərdə, meqapolislərdə tullantıların yalnız təmizləndikdən sonra su hövzələrinə buraxılması kimi məsələlərdən gedir. Bunun üçün də vəsait lazımdır. Tramp guya Amerikanı sevdiyindən bu vəsaitlərə qənaət etmək istəyir. Amma əslində vurduğumuz hər bir zərbəyə görə, təbiət bizdən amansız qisas alır. Başa düşməliyik ki, təbiətə vurulmuş yaralar sağaldılmalıdır. İndinin özündə günəşin ultrabənövşəyi şüalarının yerə çatmasında ciddi problemlər əmələ gəlib. Bu da ekoloji problemlərin atmosferdə yaratdığı əngəllərlə bağlıdır”.

Politoloq D.Trampın bu məsələdə ciddi yanlışlığa yol verdiyini vurğulayıb: “Avropa ölkələri, hətta Çin kimi bir ölkə iqlimlə bağlı Parisdə imzalanmış sazişə qoşulmaq qərarına gəlib. Avropa ölkələri artıq strategiyanı dəyişir, Çinlə birlikdə Paris sazişinin müddəalarının həyata keçirilməsi uğrunda mübarizə aparacaqlar. İstisna etmirəm ki, 3 ştatın prezidentin qərarına etina etməməsi digər ştatlara da təsir edəcək və son nəticədə Amerika kimi nəhəng bir ölkə dünyanı təhdid edən ekoloji fəlakətdən qorunmaq üçün bu proseslərə qoşulmaq məcburiyyətində qalacaq”.

Səxavət HƏMİD


Müəllif: Teleqraf.com