20 İyun 2017 18:06
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın Müdafiə Nazirliyinin tərkibində olan Kəşfiyyat Xidmətinin rəhbəri, general-leytenant Eddi Testelman əməkdaşlarının onunla bağlı hazırladığı məktubun mətbuata sızması səbəbindən istefa verib.

Teleqraf.com “De Standart” qəzetinə istinadla xəbər verir ki, ötən həftə qurumun 8 əməkdaşı Testelmanla bağlı Belçika Müdafiə naziri Stefen Vandeputa məktub göndəriblər. Az sonra məktub mətbuata sızıb. Bunun ardınca kəşfiyyat şefi istefasını elan etmək məcburiyyətində qalıb. Qəzetə verdiyi açıqlamada kəşfiyyat rəisi deyib ki, problemi həll etmək üçün tək bir variant var - istefa.

Kəşfiyyat Xidmətinin 8 əməkdaşının yazdığı məktubda qeyd olunur ki, qurumdaxili rəqabət nəticəsində səhv informasiyaların mübadiləsi həyata keçirilib. Bu da ictimai təsisatların işinə maneəçilik törədib, habelə beynəlxalq müttəfiqlərlə münasibətdə problemlər yaradıb. Məktub müəllifləri bütün bunlara görə məsuliyyətin Testelmanın üzərində olduğunu qeyd ediblər.

Medianın xəbərlərinə görə istefa verən generalın yerini Belçika Baş Qərargah rəisi general Klod Vandevud tutacaq.


Müəllif: Cavad