22 İyun 2017 14:57
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanın yeni vəliəhdi şahzadə Məhəmməd bin Salman üçün Məkkədə biət mərasimi keçirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin siyasi, hərbi rəhbərlərinin, qəbilə başçıları və kral ailəsinin mənsubları Məkkədəki Şəfa Sarayında baş tutan mərasimdə Şahzadə Məhəmmədə biət ediblər.

Mərasimdə ilk olaraq çıxış edən Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz əş-Şeyx kral Salmana biət etdiyini bildirib. Mərasimdə iştirak edənlər tək-tək Şahzadə Məhəmmədin yanına gələrək əlini sıxıb və ona sadiq olduqlarını qeyd ediblər. Saatlarla davam edən mərasim Səudiyyə Ərəbistanının dövlət televiziyası ilə canlı yayımlanıb.

Kral Salman isə şərhində qeyd edib ki, şəhər və bölgə valiləri də şahzadəyə biət edəcək.

Xarici media qeyd edib ki, bununla da son 30 ayda Məkkədə üçüncü belə mərasim keçirilib.

Dünən səhər saatlarında isə şahzadə Məhəmməd Kral Salmanın sərəncamı ilə bütün vəzifələrdən azad edilərək baş nazirin müavini təyin edilib.

Qeyd edilir ki, gənc vəliəhd atası Kral Salmanın yerini tutarsa, bu günə qədər Əbdüləziz bin Səudin oğulları arasında ilk dəfə üçüncü nəslin nümayəndəsi olaraq taxta çıxacaq. Yəni hakimiyyət faktiki olaraq nəvələrə ötürüləcək.

Yeri gəlmişkən, 81 yaşlı Kral Salmanın 31 yaşlı oğlunu krallığın ilk namizədi olaraq seçməsini Qərb mediasında “Səudiyyə Ərəbistanını uzun illər ərzində idarə edəcək adamın elan edilməsi” kimi qiymətləndirilib.

Məhəmməd bin Salman bu yaşda kral olarsa faktiki olaraq Səudiyyə Ərəbistanı tarixinə ən gənc yaşlarında taxta keçən kral kimi düşəcək.


Müəllif: Cavad