Teleqraf.com xəbər verir ki, Qətərin rəsmi xəbər agentliyi QNA-da yer alan məlumata görə, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi və Bəhreynin xarici işlər nazirlərinin Qahirə və Ciddə şəhərlərində etdikləri açıqlamalar rəsmi Doha tərəfindən təəssüflə qarşılanıb.
Doha rəhbərliyi bəyan edib ki, dörd ərəb ölkəsi rəsmilərinin Qətərə qarşı "başqa ölkələrin daxili işlərinə qarışma" və "terroru maliyyələşdirmə" ittihamlarının heç bir əsası yoxdur.
"Qətərin terrora qarşı barışmaz mövqeyi var. Doha rəhbərliyi səbəblərindən asılı olmayaraq hər zaman terrora qarşı olub və onu pisləyib. Beynəlxalq anlaşmalara, terrora qarşı mübarizəyə sadiqik", deyə Qətər XİN-in cavabında bildirilir.
Cavabda həmçinin qeyd olunur ki, Qətər onun suverenliyinə zidd olmayan bütün iddiaları müzakirə etməyə, araşdırmağa sadiqdir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi və Bəhreynin xarici işlər nazirlərinin açıqlamalarında Qətərin 13 maddəlik tələb siyahısına münasibəti pislənilib və bu ölkənin Küveytin vasitəçiliyinə hörmət etmədiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, Qətər digər ərəb ölkələrinin daxili işlərinə qarışır, terrora dəstək verir, bölgənin təhlükəsizliyini sarsıldır. Bu üzdən Qətərə qarşı siyasi və iqtisadi blokada davam etdiriləcək.
Qətər və 4 ərəb ölkəsi arasındakı böhran iyunun 5-də başlayıb. Qətərin 4 ərəb ölkəsindəki səfirləri geri göndərilib, hava və dəniz sahələri Dohanın üzünə bağlanılıb.