Almaniyanın Hamburq şəhərində G-20 zirvə toplantısı çərçivəsində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Teleqraf.com xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Hamburqda G-20 zirvə toplantısı çərçivəsində təkbətək görüşləri davam etdirir.
Türkiyə prezidenti dünən Yaponiya Baş naziri Şinzo Abe ilə görüşmüşdü.
***
Rəcəb Tayyib Ərdoğan G-20 zirvə görüşündə Vladimir Putinə təşəkkür edib.
“Cənab prezident, mövqeyiniz sayəsində Suriyada vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişdirmək mümkün olub. Terror qruplaşmalarına ciddi zərbə vurulub və münaqişənin nizama salınması istiqamətində ciddi irəliləyiş əldə edilib. Biz sizin və danışıqlar prosesində iştirak edən bütün partnyorların mövqeyini yüksək qiymətləndiririk”, - Putin deyib.
Türkiyə prezidenti bildirib ki, Moskva və Ankaranın birgə səyləri region xalqları və bütün dünya ölkələri üçün dəqiq nümunədir. O, əminliyinin ifadə edib ki, G-20 sammitində Putinlə görüşü böyük əhəmiyyətə malikdir:
“Şəxsən öz və xalqımın adından Suriya münaqişəsinin nizama salınmasında göstərdiyiniz səylərə görə sizə təşəkkür etmək istəyirəm”.
Putin Ərdoğana Rusiya-Türkiyə münasibətlərinin bütün kompleksini müzakirə etməyi təklif edib.
Danışıqlarda Rusiya tərəfdən Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, Energetika Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin başçıları - Aleksandr Novak və Maksim Oreşkin iştirak edirlər. Türkiyə nümayəndə heyəti tərkibində isə baş nazirin müavini Mehmet Şimşək, Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu, Milli İstihbarat Təşkilatının başçısı Hakan Fidan yer alıb.