22 İyul 2017 19:03
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha əvvəl heç görmədiyimiz təhrik, böhran və mühasirə cəhdinə məruz qaldıq. Bu kampaniya əvvəlcədən planlaşdırılıb. Ancaq biz bu imtahandan üzüağ çıxdıq.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu sözləri Qətər əmiri Şeyx Təmim bin Hamad Əl-Sani Körfəz böhranından bu yana ilk dəfə danışarkən deyib.

Televiziyadan Qətər xalqına səslənən Şeyx Təmim 4 ərəb ölkəsinin Qətərə qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, ölkədə həyatın normal davam etdiyini söyləyib.

Qətərin yaranan problemlərin həlli üçün ona sanksiya tətbiq edən ölkələrlə suverenliyə hörmət prinsipləri əsasında dialoqa hazır olduğunu söyləyən Şeyx Təmim fikirlərini konkret açıqlayıb: “İstənilən bir böhranın müəyyən qanunlar çərçivəsində həll edilməsi lazımdır. Əvvəlcə bütün dövlətlərin müstəqilliyinə və iradəsinə hörmət çərçivəsində həll yolu tapılmalıdır. Əksinə, bir tərəf digər tərəfi aşağılamaq niyyətində olmamalı, qarşılıqlı razılaşmalara söykənən ortaq öhdəliklər haqqında düşünməlidir”.

Qətər əmiri əlavə edib ki, hökumətlər arasında olan siyasi münaqişələrin əvəzini xalqların ödəməsinin dayandırılması zamanı çatıb.

Qeyd edək ki, hazırda Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir Qətər əmirliyinə qarşı sanksiyalar tətbiq edir.


Müəllif: Cavad