Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan toplantıda çıxışı zamanı maraqlı açıqlamalarla yadda qalıb.
Türkiyə prezidenti ilk olaraq, ABŞ-ın Türkiyənin S-400 raketlərinə sahib olması ilə bağlı reaksiyasına münasibət bildirib:
"Uzun illərdir NATO ölkəsi olan Yunanıstan S-300 raketlərindən istifadə edir. Nədən narahat olurlar? Biz Rusiya ilə bu məsələdə razılaşma əldə etmişik. S-400 raketləri Türkiyəyə gətiriləcək və Rusiya ilə birgə bu raketlərin istehsalına başlayacağıq".
Türkiyə prezidenti son günlər Əl-Əqsa məscidi ətrafında və Şərqi Qüdsdə baş verənlərə sərt reaksiya verib:
"Hazırda Qüdsdə terrorçuluqla mübarizə adı altında Əl-Əqsa məscidini müsəlmanların əlindən almağa çalışırlar. Dəmir detektorların ləğv edilməsi qərarını alqışlayırıq. Güman edirik ki, ardı gələr. Buradan bütün müsəlmanlara səslənirəm. İmkanı olan hər kəs Qüdsü, Əl-Əqsa məscidini ziyarət etsin. Ora gedə bilməyənlər Qüdsdəki qardaşlarımıza yardım göstərsin. Məkkə və Mədinə kimi ora da sahib çıxaq".