Barselonadakı dəhşətli terror qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verirəm və dəstəyimi bildirirəm. Bu cür şiddətli hadisələri kəskin şəkildə pisləyirəm.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Barselona” klubunun futbolçusu Lionel Messi özünün İnstaqram səhifəsində dünən 13 nəfərin ölümü ilə nəticələnən terror aktına münasibət bildirərkən qeyd edib.
Futbolçunun sözlərinə görə, dünyada nifrət olmadan, sülh içərisində və tolerant şəkildə birgə yaşamaq istəyən çox sayda insan var: “Terrora təslim olmayacağıq”.
Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, daha biri isə atışmada öldürülüb.
İŞİD terror qruplaşması Barselonada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.