Angela Merkel türk əsilli yazıçı Doğan Ağxanlının İnterpol xəttilə İspaniyada saxlanılmasını kəskin tənqid edib.
Teleqraf.com bildirir ki, Ankara-Berlin xəttində yaşanan gərginlik gün-gündən dərinləşir. Sentyabrda Almaniyada gerçəkləşəcək seçkilər yaxınlaşdıqca hökumətin Türkiyəyə qarşı tənqidlərinin də tonu yüksəlir.
Alman jurnalisti Dəniz Yücel bu ölkənin vətəndaşı Peter Steundtner və Gömrük Birliyi çəkişmələrindən sonra Doğan Ağxanlının Türkiyənin tələbilə İspaniyada saxlanılıb, sonra sərbəst buraxılması ilə bağlı Merkelin mətbuata verdiyi açıqlamalarından bəhs edib.
Həm Almaniya, həm də Türkiyə vətəndaşlığı olan Doğan Ağxanlının saxlanılmasını tənqid edən Merkel Türkiyənin İnterpolun fəaliyyətindən özünün siyasi məqsədləri üçün istifadə etdiyini bildirib.
“Bu, doğru deyildi. İspaniyanın yazışını sərbəst buraxmasından çox məmnunam. İnterpol kimi beynəlxalq qurumlardan bu cür niyyətlər üçün sui-istifadə edilə bilməz. Təəssüf edirəm ki, Doğan Ağxanlı məsələsi ilk belə hadisə deyil. Məhz buna görə də qısa zaman ərzində Türkiyəyə qarşı siyasi münasibətlərimizi dəyişdik. Çünki Ərdoğanın bunu etməsi qəbulediləməzdir”, - Merkel deyib.
Xatırladaq ki, yazıçı Doğan Ağxanlı ötən şənbə günü Türkiyənin onun yaxalanması ilə bağlı çıxardığı axtarış qərarına əsasən, İspaniyada saxlanılmışdı. Bazar gün sərbəst buraxılan Doğan Ağxanlı İspaniyanın onu Türkiyəyə təhvil verilməsilə bağlı qərarı dəqiqləşdirənə qədər ölkəni tərk edə bilməz.
Almaniya Xarici İşlər naziri Siqmar Qabriel də bu məsələ ilə bağlı çıxış edərək, Ağxanlının təhvil verilməsi qərarının uzadılmasını və müzakirələrdə Almaniyanın da iştirakının vacibliyini bildirib.
Türkiyədə doğulan Ağxanlı siyasi baxışlarına görə Türkiyədə iki il həbsdə olduqdan sonra Almaniyaya qaçmışdı. 2010-cu ildə Türkiyəyə dönən Ağxanlı 1989-cu ildə baş vermiş bir cinayətdə iştirakı ilə bağlı həbs edilmiş, lakin sonradan dəlil çatışmazlığı səbəbindən azad edilmişdi.
60 yaşlı Doğan Ağxanlı 1992-ci ildən Almaniyada yaşayır və bu ölkənin vətəndaşıdır. Onun işlərinin əsas mövzusu qondarma erməni soyqırımına xidmət edir.
Qeyd edək ki, Doğan Ağxanlı saxta erməni soyqırımının tanınması üçün Almaniya Kansleri Angelə Merkələ müraciət edən 43 nəfərdən biri idi.