23 Avqust 2017 12:49
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Müdafiə naziri general Ceyms Mettis İordaniya, Bağdad və Ərbil səfərinin ardından bu gün Türkiyəyə gəlir.

Teleqraf.com xəbər verir ki, general Mettis Ankarada müzakirələrə başlayan zaman Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bağdad və Ərbil görüşlərinə start verəcək. Generalın regiona səfəri həm də Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də keçirmək istədiyi müstəqillik referendumunu təxirə salmaq üçün Ərbilə təzyiq məqsədi daşıyır. Ancaq ümumilikdə səfər zamanı Türkiyə ilə bağlı 4 əhəmiyyətli məsələ gündəmə çıxır.

Görünən odur ki, İraq və Suriyada İŞİD-lə bağlı ciddi uğurlardan sonra bölgədə başgicəlləndirici diplomatik təmaslar baş verməkdədir. Bu təmasların əhəmiyyətli bir hissəsi də Ankarada təşkil olunur. Ötən həftə İranın baş qərargah rəisi Ankaraya, Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan isə Bağdad və Ərbilə səfər edib.

Dünən Bağdad və Ərbildə olan ABŞ Müdafiə naziri Mettis bu saatlarda Ankaraya daxil olacaq. Diplomatik mənbələr qeyd edirlər ki, bu sıx diplomatik təmasların gündəmində 5 əhəmiyyətli mövzu var.

Birinci məsələ kürdlərin sentyabrın 25-nə təyin etdiyi referendumdur. Çavuşoğlu İraq prezidenti Fuad Məsum, Baş nazir Heydər İbadi və türkmən siyasətçilərlə görüşünün ardından kürd muxtariyyətinin paytaxtı Ərbilə gedəcək, Məsud Bərzani ilə görüşəcək. Çavuşoğlu buna qədər Bərzaniyə referendumun İraqda vətəndaş müharibəsinə səbəb ola biləcəyini xatırladıb.

İkinci əhəmiyyətli mövzu PYD-yə verilən silahlar məsələsidir. Pentaqon rəhbəri avqustun 22-də Bağdad və Ərbildə görüşlər keçirib. Mettis Bağdadla əməkdaşlıq formatında İŞİD-ə qarşı mübarizəni dəstəklədiyi halda 25 sentyabrda kürd referendumunun zamana uyğun olmadığını, bu prosesin İŞİD-lə mübarizəyə zərər verəcəyi səbəbindən təxirə salınmasını dilə gətirib.

Ankarada Prezident Ərdoğan tərəfindən qəbul ediləcək Pentaqon rəhbəri daha sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında müzakirələri davam etdirəcək. Müzakirə mövzularından biri də ABŞ-ın Rakka əməliyyatında PYD və YPG qüvvələri ilə əməkdaşlığı, Ankaranın bu qüvvələrə silah ötürülməsinə qarşı kəskin mövqeyi olacaq. Eyni zamanda Pentaqon rəhbərinin qarşısına PYD-yə verdiyi silahların PKK-ya qarşı əməliyyatlar zamanı ələ keçirildiyinə dair təkzibedilməz fakt qoyulacaq.

Üçüncü vacib məsələ Türkiyə ilə sərhəddə yerləşən Suriya əraziləri - İdlib və Afrinlə bağlı olacaq. PYD-YPG-nin nəzarət etdiyi Afrinin Türkiyənin ərazi bütövlüyünə təhdid olduğu, buna hərbi cavab veriləcəyi Mettisə çatdırılacaq. Eyni şəkildə İdlibdə Əl-Qaida ünsürlərinin olduğunu bəhanə edərək bu ərazinin PYD-YPG qüvvələrinə təslim etməyi nəzərdə tutulan istənilən əməliyyatın Ankara üçün qəbuledilməz olduğu da Pentaqon şefinə bildiriləcək.

Bundan başqa, danışıqlarda İranın müdafiə etdiyi və hazırda Suriyada İŞİD-ə qarşı aktiv döyüşən şiə məzhəbli Haşdi Şabi məsələsi də diqqətə alınacaq. Ankara hazırda Haşdi Şabinin sünnilərə qarşı məzhəbçi mövqeyindən narahatdır. Qeyd edək ki, Mövlud Çavuşoğlu da Bağdad səfəri zamanı bu gün Haşdi Şabi məsələsini müzakirə edəcək. Hazırda şiə məzhəbli Haşdi Şabi qüvvələri türkmən şəhəri olan Telafərin İŞİD-dən azad edilməsi üçün ciddi əməliyyatlar aparır. Haşdi Şabi qüvvələrinin tərkibində şiə məzhəbli türkmən döyüşçüləri də var.

Diplomatik təmasların sonuncu mühüm mövzusu Türkiyə və İranın PKK-PJAK silahlılarına qarşı birgə əməliyyat keçirmək fikri ola bilər. İran baş qərargah rəisinin Ankara səfəri zamanı bu mövzu müzakirə edilsə də, Ankara son anda Tehranın Haşdi Şabi qüvvələrinin bu prosesə qoşula biləcəyindən narahatdır və bunu qəbul etmir.


Müəllif: Cavad

Oxşar xəbərlər