Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqillik referendumuna qarşı olanları cəzalandırmağa start verib.
Teleqraf.com xəbər verir ki, referenduma qarşı verilişləri ilə tanınan NRT kanalının yayımı dayandırılıb. Bu barədə qərarı Kürdüstan Demokrat Partiyasının Ərbildəki Media və Nəşrlər Müdirliyi verib. Xəbərdə muxtariyyətin lideri Bərzaninin təlimatı əsasında bu addımın atıldığı ifadə edilib. Əlavə olunub ki, son qərar Suleymaniyyə şəhəri üçün də keçərlidir. Kanalın Ərbildəki ofisinin avqustun 22-də bağlandığı xatırladılıb, eləcə də Məsud Bərzaninin müstəqillik referendumuna qarşı “İndi xeyr” kampaniyasından duyduğu narahatlıq da dilə gətirilib.
Qeyd edək ki, Bərzaninin sentyabrın 25-də keçirmək istədiyi müstəqillik referendumuna qarşı olan NRT kanalının sahibi Şasivar Əbdülvahidin “Xeyr” adlı daha bir televiziya kanalı var.
Zəngin iş adamı olan Şasivar Əbdülvahid ötən ay bəyan edib ki, “Referenduma Xeyr Hərəkatı” məqsədilə kampaniyaya başlayır. O, əlavə edib ki, referendum təxirə salınmayacağı təqdidə bu, kürdlər üçün çox pis nəticələr yaradacaq.