Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft ixracını azaltmaqla bağlı 2016-cı ildə Vyanda əldə edilən razılaşmanın müddətinin uzadılmasına dair razılıq əldə edilib.
Teleqraf.com “Uoll Strit Jurnal”a istinadla xəbər verir ki, Rusiya Energetika naziri Aleksand Novak ilə Səudiyyə Ərəbistanının Enerji naziri Xalid əl Falih arasında Sankt-Peterburqda görüş olub. Həmin görüşdə OPEK-in qanuni istehsalçıları arasında neftin istehsalının azaldılması ilə bağlı əldə edilən razılaşmanın müddətinin daha 3 ay uzadılması haqda müzakirələr aparılıb.
2018-ci ilin martına qədər davam edəcək razılaşmanın 2018-ci ilin iyun ayına qədər uzadılması məsələsində hər iki nazirin mövqeyində oxşarlıq olub.
Nazirlər bu məsələdə digər OPEK və OPEK-dən kənar neft istehsalçısı olan dövlətlər arasında lobbiçilik işini aparmağı vacib sayıblar.
Qeyd edək ki, OPEK üzvləri və bəzi OPEK-dən kənar neft ölkələri 2016-cı ilin noyabrında Vyanada toplaşaraq neft istehsalını günlük 1,8 milyon barrel məhdudlaşdırmağı razılaşdırıb. 2017-ci ilin yanvarından etibarən 6 ay davam edən bu razılaşma, daha sonra 2017-ci ilin mayından 9 ay müddətinə uzadılıb.