31 Avqust 2017 09:32
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

UNESCO-nun baş direktoru İrina Bokova Beynəlxalq Savadlılıq Günü ilə bağlı ictimaiyyətə müraciət edib.

Teleqraf.com xəbər verir ki, hər il sentyabrın 8-də qeyd edilən Beynəlxalq Savadlılıq Günü bu dəfə “Rəqəmsal dünyada savadlılıq” mövzusuna həsr olunub. Baş direktor qeyd edib ki, rəqəmsal texnologiyalar həyatın bütün sahələrinə nüfuz edərək adamların yaşayış tərzini, işini, təhsilini, ünsiyyət vasitələrini dəyişir, həyatın daha da yaxşılaşdırılması üçün geniş imkanlar yaradır: “Savadlılıq ənənəvi olaraq, oxu, yazı və hesab vərdişi kimi qəbul edilib. Lakin rəqəmsal texnologiyalar əsasında formalaşan mühitdə “savadlılıq” anlayışı yeni və daha çox inkişaf etmiş bacarıqları nəzərdə tutur. Eyni zamanda, texnologiyalar savadlılığın inkişafına kömək edə bilər”.

İrina Bokova hazırda dünyada 750 milyon yaşlı insanın ən adi savadının olmadığını söyləyib:

“Təxminən 264 milyon uşaq və yeniyetmə orta təhsil almaqdan kənarda qalıb. Habelə yaşlı insanların və gənclərin xeyli hissəsinin müasir dünyada tamdəyərli yaşaması və işləməsi üçün rəqəmsal biliyi yoxdur. İnformasiya-kommunikasiya texnologiyaları bu problemi həll etməyə imkanlar yaradır. Hökumətlər, vətəndaş cəmiyyətləri və özəl sektorlar arasında tərəfdaşlıq əlaqələri rəqəmsal dünyada savadlılığın təşviqində olduqca mühüm rol oynayır. Beynəlxalq Savadlılıq Günü bizə əldə edilmiş nəticələri qiymətləndirməyə və qarşıya qoyulan vəzifələrin həlli üçün qüvvələrimizi birləşdirməyə imkan yaradır”.

Qeyd edək ki, UNESCO tərəfindən 1965-ci ildə təsis edilən Beynəlxalq Savadlılıq Gününün qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə, cəmiyyət üçün faydalılığına diqqəti cəlb etməkdir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər