ABŞ Prezidenti Donald Tramp köməkçilərindən, müşavirlərindən və kabinet üzvlərindən narazıdır.
Teleqraf.com xəbər verir ki, “Vaşinqton Post” qəzeti bu məlumatı Ağ Ev sahibinin yaxın ətrafındakı mənbəyə əsasən yayıb.
Məlumata görə, dövlət katibi Reks Tillersonla prezident arasında Əfqanıstana əlavə ABŞ hərbçilərinin göndərilməsi məsələsi ətrafında fikir ayrılığı mövcudur. Bundan başqa Tramp Tillersonun Kuba və Qətərlə bağlı mövqeyindən də narazıdır.
Tillersonun yanvaradək öz postunda qalacağına prezidentin ətrafındakılar şübhə edirlər. Onlar əmindirlər ki, dövlət katibinin istefası onun fəaliyyətinin bir ili başa çatmadan baş verə bilər. Həmçinin bildirilir ki, Tillerson özü də göstəriş almağı sevmir və müxtəlif söhbətlərdə istefaya getmək arzusunu gizlətmir.
Donald Trampın narazı qaldığı şəxslərdən biri də Milli İqtisadi Şuranın direktoru Heri Kondur. Prezident onun qeyri-loyallığından şübhələnir.
Heri Kon Şarlotsvilldəki hadisələrlə bağlı Trampın mövqeyini tənqid etmişdi.