2 Sentyabr 2017 12:23
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xuzistan əyalətinin mərkəzi sayılan Əhvaz şəhərində yerli ərəblərin milli və dini haqları uğrunda dinc mübarizə aparan 8 nəfərə hökm oxunub.

Teleqraf.com-un məlumatına görə, bu barədə İrandakı hüquq müdafiəçiləri məlumat yayıb.

Əhvaz inqilab məhkəməsi, əsasən Xuzistan əyalətinin Şuş şəhərinin sakinləri olan ərəb fəalları “Condolfaruq” adlı qrup yaratmaqda, sistemə qarşı təbliğat aparmaqda, xariclə əlaqə saxlamaqda və qanunsuz təşkilatlara üzv olmaqda günahlandırıb.

İnqilab məhkəməsinin qərarı ilə müttəhimlərdən 2-si (Abdullah Abdullahi və Qasım Abdullahi) edam, 6-sı (Əhməd Abdullahi, Macəd Abdullahi, Həsun Abdullahi, Hüseyn Abdullahi, İsa Abdullahi və Məcid Abdullahi ) isə 3 ildən 25 ilədək həbs cəzasına məhkum edilib.

Qapalı keçirilən məhkəmə iclasında müttəhimlər vəkil tutmaq hüququndan məhrum edilib, onların ailə üzvləri isə məhkəmə zalına buraxılmayıb.

Yerli ərəblərin milli və dini hüquqları uğrunda dinc mübarizə aparan 8 fəal 2015-ci ilin oktyabrında təhlükəsizlik qüvvələri tərəfindən şəxsi mənzillərində yaxalanıblar.


Müəllif: Səxavət