Almaniya Kansleri Angela Merkellə Martin Şults arasında dünən gecə debat keçirilib.
Teleqraf.com xəbər verir ki, sentyabrın sonlarında Alman Bundestaqına keçiriləcək seçkilər ərəfəsində sözügedən debat mühüm əhəmiyyət kəsb edir.
Alman siyasətinin nəhəngləri debatda əsasən Türkiyə mövzusunu müzakirə ediblər.
Xristian Demokrat Partiyasının lideri Angela Merkel Türkiyəyə iqtisadi təzyiqləri artırmağı vacib hesab etdiyini deyib.
Sosial Demokrat Partiyasının lideri Martin Şults isə deyib ki, əgər seçkilərdən sonra kansler olacaqsa, o zaman Türkiyə ilə Avropa Birliyi arasında aparılan üzvlük müzakirələrini dayandıracaq.
Almaniyada yaşayan müsəlmanlar mövzusunda hər iki lider mövqelərini açıqlayıb.
Angela Merkel bildirib ki, islam Almaniyanın bir hissəsidir:
“İslam adına çoxsaylı terror hücumları təşkil edildiyi üçün insanların tərəddüdlərini anlamaq olar. Almaniyada yaşayan müsəlmanların bu ölkəyə faydaları var. 4 milyon insan bu ölkənin uğurlarında rol oynayır. Onlar islama inanırlar. Odur ki, burada yaşayan insanlar cəmiyyətin bir parçası olduqları üçün islam Almaniyaya aid olub”.
Merkel əlavə edib ki, ərəb ölkələrindən Almaniyaya gələn müsəlmanların sayı artdığından ölkədəki islam təhsilnin artırılması lazımdır:
“Cəmiyyətə qarşı nifrət məzmunlu təbliğat ortaya çıxarsa məscidlərin bağlanması lazımdır”.
Sosial Demokrat Partiyasının lideri Şults isə deyib ki, müsəlmanların Alman cəmiyyətinə uyğunlaşmasının çətin olduğunu iddia edənlərə inanmır:
“Müsəlmanların böyük hissəsi digər dinlərə mənsub insanlar kimi inanclıdır. Müsəlmanlar digər dinlər kimi ölkəmizə inteqrasiya edə biləcək dini icmadır”.