Yaponiya imperatoru Akihitonun ən böyük qız nəvəsi Makonun nişan mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, Tokio Beynəlxalq Xristian Universitetinin məzunu olan Kei Komuro Yaponiya şahzadəsi Mako ilə nişanlanıb. Onlar universitetdə eyni qrupda təhsil alıb.
Cütlük nişanlanma mərasimində bildirib ki, münasibətləri 5 il əvvəl universitetdə təhsil aldıqları zaman yaranıb.
Şahzadə deyib ki, nişanlısı Komuronun təklifindən təsirlənib: “Nişanlımın güclü, çalışqan və böyük bir ürəyə sahib olduğunu düşünürəm”.
Komuro isə bildirib ki, imperator ailəsi tərəfindən qəbul olunduğuna görə onlara minnətdardır və özünü xoşbəxt hiss edir.
Qeyd edək ki, cütlük ailə qurduqdan sonra Mako şahzadə adını itirəcək.