Rusiyanın Müdafiə Nazirliyi rəsmi qaydada ilk dəfə Karib böhranının kəskin fazası dövründə Kubada həlak olan sovet vətəndaşlarının sayını açıqlayıb.
Teleqraf.com “RİA-Novosti”yə istinadla xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 1 avqust 1962-ci ildən 16 avqust 1964-cü ilədək Kubada 64 sovet vətəndaşı həlak olub.
Bu məlumat sovet ballistik raketlərinin Kubaya çatdırılmasının 55 illiyi münasibətilə açıqlanıb. Həmin əməliyyat amerikan raketlərinin Türkiyə və İtaliyada yerləşdirilməsinə, həmçinin Amerikanın Kubaya hərbi müdaxilə təhdidinə cavab olaraq həyata keçirilib.
Əməliyyat zamanı sovet hərbçiləri arasında itkilərin dəqiq sayı indiyədək açıqlanmamışdı.
Düz 55 il bundan öncə – 9 sentyabr 1962-ci ildə “Anadır” adlı gizli əməliyyat çərçivəsində Kubaya ilk sovet ballistik raketləri çatdırılıb. Bundan sonra SSRİ həmin ballistik raketlər üçün Kubaya nüvə başlıqları çatdırıb.
Sovet raketlərinin nüvə başlıqları ilə Kubaya yerləşdirilməsi ideyası SSRİ-nin o zamankı rəhbəri Nikita Xruşşova məxsus olub.