Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani 25 sentyabr müstəqillik referendumundan öncə təhdid dolu fikirləri ilə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, muxtariyyət lideri BBC-nin fars xidmətinə müsahibə verərək Kərkük uğrunda hər bir kürdün savaşa hazır olduğunu bəyan edib.
Bərzanı deyib ki, onlar referendum məsələsində qərarlıdır, İranla Türkiyənin isə öz maraqları səbəbindən sərhədlərini Kürdüstanın üzünə bağlamayacaqlarına əmindir: “Biz referendumu təxirə sala bilmərik. Onu gecikdirmək daha pis olar. Hesab edirəm ki, referendum vaxtında keçirilir”.
Muxtariyyət lideri Kərkük uğrunda döyüşə girib-girməyəcəkləri haqda suala cavabda deyib ki, hər hansı bir qüvvə Kərkükün vəziyyətini dəyişməyə cəhd göstərəcəksə, bu zaman hər bir kürd döyüşə hazır olduğunu bilməlidir. O, bildirib ki, Kərkükü burada yaşayan etnik və dini qrupların birgəyaşayış simvolu olaraq görmək istəyir: “Ancaq hər hansı bir qrup güclə Kərkükün vəziyyətini dəyişməyə cəhd etsə, hər bir kürdüstanlı bunun uğrunda döyüşə hazır olacaq”.