Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Suriya və İraqda proseslərin kritik məcraya yönəlməsi ilə əlaqədar ABŞ Baş Qərargah Başçısı Cozef Danford ilə təcili görüş keçirib.
Teleqraf.com-un "Hürriyet"ə istinadən xəbərinə görə, general Akar YPG ilə bağlı narahatlığını Danfordun diqqətinə çatdırıb.
Görüş Albaniyanın paytaxtı Tiranda dünən və bu gün dava edən NATO ölkələri Baş qərargah rəhbərlərinin toplantısı çərçivəsində baş tutub. Akar və Danfordun görüşdə İraqda kürd muxtariyyatının referendum qərarında israr etməsini və Suriyadakı vəziyyəti müzakirə etdikləri bildirilir.
Bundan başqa Hulusi Akarın Suriyanın İdlib şəhərində təhlükəsizlik bölgəsi yaradılması və oraya rus, türk və İranın müşahidəçi qüvvələrinin yerləşdirilməsi qərarı barədə Danfordu məlumatlandırıb. Türkiyəli general bir daha ABŞ-ın Suriyada terror təşkilatı YPG ilə birlikdə hərəkət etməsindən narahatlığını ABŞ tərəfinə çatdırıb. O, Türkiyənin cənub sərhədlərində kürd qurşağı yaradılmasına icazə verməyəcəyini bildirib.