Mənim Suriyadakı düşmənim İŞİD-dir. Çünki Fransaya terror hücumlarını İŞİD təşkil edir, Bəşər Əsəd təşkil etmir. Əsəd günahkardır, Suriya xalqının düşmənidir və etdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Ancaq onun gedib-getməyəcəyinə dair qərarı suriyalılar verməlidir.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla Fransa prezidenti Emmanuel Makron çıxış edib.
Prezident Makron BMT Baş Assambleyasında iştirakı çərçivəsində təşkil etdiyi mətbuat konfransında bir sıra məsələlər haqqında mövqeyini ifadə edib.
Suriyada əsas hədəflərinin sülhün və sabitliyin təmin edilməsi olduğunu, bunun üçün siyasi proseslərin başlamasının gərəkdiyini vurğulayan Fransa prezidenti deyib ki, Bəşər Əsəd hakimiyyətdə qala bilməyəcək:
“Ancaq siyasi keçid prosesində hər kəs özünə yer tapmalıdır: 2011-ci ildən bu yana Əsədin getməsi mövzusunda sərt danışılır, lakin göstərilən səylər də nəticəsizdir. Fikrimcə, bundan sonra praqmatik bir yanaşma lazımdır”.
İranın Suriyadakı proseslərdə rolunu qiymətləndirən Emmanuel Makron bildirib ki, İranın Suriyada təsir gücünü nəzərə alaraq onun masada iştirakı olmalıdır.
Fransanın ABŞ və İran arasında vasitəçilik rolu oynaya biləcəyini irəli sürən Makron deyib ki, Suriya problemini masa üzərində İranın iştirakı ilə çözmədən təsirli həll yolu tapmaq çətin olar: “İran bu sahədə nüfuz sahibi olan güclər arasında iştirakçıdır”.