25 İyul 2014 11:04
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalılar Obamadan razıdırmı?

Dünyada baş verən proseslər giqant dövlətlərin xarici siyasətinə təsir göstərib. Onlar ənənəvi siyasətlərini dəyişməyə məcbur olublar. Həmin giqantlardan biri olan ABŞ da bəzi lider ölkələrlə olan münasibətlərinə yenidən nəzər salmağa məcbur olub.

Vaşinqton-Moskva

Mehriban düşmənlər kimi daim bir-birinin üzünə gülən, lakin dünya ölkələrində baş verən bütün iğtişaşlarda, müharibələrdə ittiham edən iki “imperiya” -Ağ Ev və Kreml arasındakı münasibətlər getdikcə gərginləşir. Ukraynanın ərazisinə hərbi müdaxiləsi, Krımı anneksiya etməsi, separatçıları dəstəkləməsi Rusiyanı az qala bütün dünyaya mənfi obrazda tanıtdı. Sonsuz hədələr, tətbiq olunan sanksiyalar, yarıda qalmış layihələr və planlar, rəsmi Moskvanı siyasi kursundan döndərə bilmədi. Lakin ABŞ onsuz da böyük simpatiya duymadığı Rusiyaya qarşı münasibətini daha da sərtləşdirdi.

Malayziya hava yollarına məxsus "Boeing 777" sərnişin təyyarəsinin vurulması isə son damla oldu. Hadisənin ilk günündə separatçılar təyyarə qalıqlarının düşdüyü əraziyə yaxınlaşmağa, meyitləri yerindən tərpətməyə imkan vermədikləri vaxtda Moskva və Kiyev qarşılıqlı ittihamlarla çıxış edirdi. Lakin bir müddət sonra ABŞ kəşfiyyatından anonim yayılan məlumata görə, Rusiyanın hadisə ilə əlaqəsinin olmasını sübut edən dəlillər mövcuddur. Meyitlər götürüldükdən və əraziyə mütəxəssislər baxış keçirdikdən sonra isə rəsmi məlumat yayılır ki, ABŞ Rusiyanı ittiham etmək üçün yetərli dəlillərə malik deyil...

Ötən gün isə ABŞ dövlət departamentinin nümayəndəsi, Mari Harf mətbuat qarşısına çıxaraq, “Ukraynanın şərqində olan separatçılar, ”Buk" qurğusundan Malayziya hava yollarının təyyarəsini vura bilməzdi. Biz hesab edirik ki, Rusiyanın köməyi olmasaydı, separatçılar təyyarəni vura bilməzdilər", - deyə bildirib. O, həmçinin deyib ki, “ABŞ bir çox versiyaları nəzərdən keçirdikdən sonra bu qənaətə gəlib”.

“Separatçılar,Rusiyanın dəstəyi olmadan nə fiziki olaraq hazırlaşa, nə də texniki baza yarada bilməzdilər. Onları maliyyələşdirən də, hərbi texnika ilə təmin edən də Rusiyadır. Raketi buraxmaq üçün isə yalnız ”Buk" qurğusunun varlığı azdır. Deməli, raketin atılmasına və təyyarənin vurulmasına görə separatçılar qədər, Rusiya da məsuliyyət daşıyır", - deyə, Harf əlavə edib.

Vaşinqton-Ankara

ABŞ üçün ikinci əsas müttəfiq və tərəfdaş yetərincə güclü olan Türkiyədir. Lakin son zamanlar iki dövlət arasında müəyyən soyuqluq yaranıb. “Amerikanin səsi” radiosunun yaydığı məlumata görə, Türkiyənin baş naziri ABŞ-ı Yaxın Şərq siyasətinə görə tənqid edib. R.T.Ərdoğanın İsrailin Qəzzadakı əməliyyatlarını Hitlerlə müqayisə etməsi Vaşinqtonla Ankara arasındakı münasibətlərə soyuqluq gətirib. Ötən il Ərdoğanın etiraz aksiyaları iştirakçılarına qarşı təzyiqləri onun prezident Barak Obama ilə əlaqələrində gərginliyə səbəb olmuşdu. “Milliyet” qəzetinin siyasi təhlilçisi Əsli Aydıntaşbaşın dediyinə görə, Ərdoğanın İsrail əleyhinə ritorikaları münasibətlərə daha bir zərbədir.

Bir müddət öncə Türkiyənin baş naziri müsahibələrinin birində prezident Obama ilə heç bir şəxsi əlaqəsi olmadığını qeyd etmişdi. Ərdoğan Vaşinqtonun İsrailin dırnaqarası özünümüdafiəsinə haqq qazandırmaqla tənqid edilməli olduğunu bildirmişdi. Bu həftə isə ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib ki, İsrail əleyhinə bəyanatları Türkiyəyə baha başa gəlir. “Beynəlxalq dialoqda bu kimi bəyanatların yeri ola bilməz. Bu cür çıxışlar Türkiyənin dünyadakı rolu və nüfuzuna mənfi təsir göstərəcək”.

Lakin NATO-nun üzvü kimi Türkiyənin İran, İraq və Suriya ilə ortaq sərhədləri bölüşməsi onun ABŞ-ın müttəfiqi kimi mühümlüyünü qoruyur.

Aydıntaşbaş deyir ki, bütün anlaşılmazlıqlara baxmayaraq, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu və ABŞ dövlət katibi Con Kerri arasında diplomatik səviyyədə əməkdaşlıq davam etdirilir. “Əlbəttə, Türkiyə Amerikaya lazımdır. Xüsusilə də, İncirlik hava bazası. Regional təhlükələrlə üzləşən Amerikanın Türkiyəyə ehtiyacı olacaq”, - deyə, o bildirir.

Ümumilikdə isə, siyasi ekspertlər hesab edir ki, ABŞ və Avropa ölkələri cihadçılar birliyinin İraq və Suriyadakı təhlükəsinə görə Türkiyə ilə əməkdaşlıq üçün yol axtarır.

Karneqi Sülh Fondunun Avropa şöbəsindən olan Sinan Ülgen, Ərdoğanın seçkilərə 6 ay qalmış anti-İsrail ritorikaları dindar mühafizəkarların onu dəstəkləməsinə yardım edəcəyini deyir. “Ərdoğan prezident seçilsə, beynəlxalq imicini dəyişməyə çalışacaq. O, son il itirdiyi etibarını bərpa edəcək”. Digərləri isə Ərdoğanın İsraillə bağlı baxışlarının onun seçkilərdəki uğurunu kölgə altına aldığını düşünür. Lakin eyni zamanda Türkiyənin strateji əhəmiyyəti Ərdoğanın güclü diplomatik aləti hesab edilir.

Vaşinqton- Kiyev

Uzun zaman ərzində Ukrayna hadisələrini ciddiyə almayan Moskva sonunda Lavrovun dili ilə qəti fikrini səsləndirdi: “Ukraynadakı ”şou" ABŞ-dan idarə edilir".

Belə ki, rəsmi Moskva Maydanın formalaşması, Yanukoviçin devrilməsi, ölkədə yeni hakimiyyətin qurulması proseslərini qəbul etməmək üçün, Ukraynadakı “şou”nun ABŞ tərəfindən idarə edildiyini elan edib.

“ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Kiyevə səfəri zamanı anti-terror əməliyyatının bərpası haqda bəyanat verilib. Bu qərarın məhz Baydenin səfəri zamanı elan edilməsi, artıq aşkar göstəricidir. Əməliyyatların başlanması qərarı isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennanın Kiyevə səfərindən sonra verilib. Ona görə də, Ukraynadakı ”şou"nun ABŞ tərəfindən idarə edilməsinə inanmamağım üçün səbəb yoxdur", - deyə, Lavrov bəyan edib.

Bu arada, Vaşinqton rəsmi Kiyevə və yeni prezidentə qarşı olan simpatiyasını açıq-aşkar nümayiş etdirir.

Vaşinqton-Tehran

“Həsən Ruhani son açıqlamaları və addımları ilə sanki Qərbin, Amerikanın simpatiyasını qazanmağa çalışır”.

Bu fikirləri siyasi analitiklər səsləndirir. İslam respublikasının nüvə proqramı və dünya ölkələri ilə ümumi münasibətlərdə gözə çarpan irəliləyiş bunu deməyə əsas verir.

Bu arada, Tehranın inkişaf etdiyini görən ABŞ dövlət katibi Con Kerri İrana qarşı sanksiyaların götürülməsi barədə qərarın bir neçə ay ərzində qəbul oluna biləcəyini deyib. Bunun üçün Tehran əməkdaşlığa getməli və təftiş üçün öz nüvə proqramının obyektlərini açmalıdır. Dövlət katibi bildirib ki, Tehranın sülh proqramı üçün lazım olan səviyyədən artıq uranı zənginləşdirməkdən könüllü surətdə imtina etməsi, bütün obyektlərə çıxışının açılması, o cümlədən yeraltı və Fordoda yerləşən hərbi kompleksin inspeksiyadan keçirilməsi haqqında əlavə protokolun imzalanması münasibətlər üçün əsas olacaq. Yeni prezidentin seçilməsindən bir müddət sonra, son 34 ildə ilk dəfə olaraq ABŞ və İran prezidentlərinin telefon danışığı olub. Bu da iki ölkə arasında gərginliyin yumşala biləcəyinə işarədir.

Yeri gəlmişkən, münasibətlərin daha da irəliləməsi İŞİD silahlı qruplaşmasının İraqın bir neçə şəhərini ələ keçirməsinə təsadüf edir. Lakin bu, təsadüfdürmü?

ABŞ-ın dövlət katibi Con Kerri İraqda baş verənlərə dair İranla danışıqlara açıq olduqlarını bildirib.
Amerikalı diplomat deyib: “Təhlükəsizlik baxımından İraqda vəziyyət günbəgün ağırlaşır. Bu şəraitlə bağlı İranla danışıqlara hazırıq. İraqda ”İraq Şam İslam Dövləti" silahlılarının irəliləməsinin qarşısının alınması məqsədi ilə İran - ABŞ hərbi işbirliyi istisna edilmir".

O, İŞİD yaraqlılarının mövqelərinə ABŞ-ın pilotsuz təyyarələrdən hava zərbələri endiriləcəyini istisna etməyib.

Xülasə...

ABŞ prezidenti Barak Obamanın yeni doktrina adı altında Vest-Pointdə etdiyi çıxışa münasibət birmənalı deyil. Ekspertlər Vaşinqtonun atdığı konkret addımlarla təntənəli nitqlərdə deyilən fikirlər arasında fərqləri aydın göstərirlər. Bir çox ölkələrə qarşı aparılan piar kampaniyaları, onların daxili işlərinə qarışmaq kimi cəhdlər dünya ictimaiyyəti tərəfindən qəbul edilmir. Bütün bunların fonunda Obama administrasiyasının həyata keçirdiyi xarici siyasət kursunun təhlili maraqlı görünür.

"Newtimes"-ın yazdığına görə, ABŞ prezidenti Obamanın Vest-Pointdə hərbi akademiyada ölkənin xarici siyasətinin əsas prioritetləri haqqındakı çıxışına reaksiya birmənalı olmadı. Mütəxəssislər sırasında dövlət başçısının fikirlərinə tənqidi yanaşanlar çoxdur. Onlar prezidentin söylədikləri ilə rəsmi Vaşinqtonun həyata keçirdiyi siyasət arasında uyğunsuzluq olduğunu deyirlər.

Hətta Ağ Evin ekspertləri B.Obama komandasının xarici siyasətini qısaca belə qiymətləndiriblər: “Bəsdir, boş şeylərlə məşğul oldunuz” (Karl Rove. Obama’s Foreign Policy Fails His Own Test / “The Wall Street Journal”, 11 iyun 2014). Bu tezisin əsassız yaranmadığını demək olar. B.Obamanın özü Asiya ölkələrinə səfəri zamanı təyyarədə jurnalistlərdən xahiş edib ki, həmin fikri alqışlasınlar. Yəni dövlətin rəhbəri açıq etiraf edir ki, xarici siyasətdə “boş şeylərlə məşğul olur”.

Mütəxəssislər isə konkret faktlarla Amerikanın xarici siyasətinin ciddi problemlərlə qarşılaşdığını təsdiq edirlər.

Məsələn, 2011-ci ildə B.Obama Bəşər Əsədin hakimiyyətdən getməli olduğunda israr edirdi. Lakin o, Suriya müxalifətinə yardıma risk etmədi. İndi B.Əsəd yenidən dövlət başçısı seçildi. B.Obama isə hələ də Suriya məsələsində konkret mövqe nümayiş etdirə bilmir. Başqa arqumentlər kimi Misir, İraq, İran və Əfqanıstan göstərilir. “İraq və Şam İslam Dövləti” (İŞİD) terrorçularının Mosul və Tikriti də məhz Obamanın yanlış İraq siyasəti nəticəsində zəbt etdikləri yazılır (bax: əvvəlki mənbəyə).

B.Obamanın xarici siyasətinin “dişsizliyi” Rusiya və Çin istiqamətində atılan addımlarda da özünü göstərir. Rəsmi Vaşinqtonun Ukrayna məsələsində qərəzli davranması haqqında ekspert rəyləri var. Mütəxəssislər hesab edirlər ki, Amerika inkişaf etməkdə olan ölkələrlə Avropanın arasını vurmaqla məşğul olur.

Elə isə Amerikanın xarici siyasətdə hansı meyarlara əməl etdiyi haqqında sual meydana çıxır. Digər məlum faktları da nəzərə alanda Obamanın yeni siyasi kurs haqqında çıxışı, sadəcə, görüntüdür. Orada prezident yeni tezisləri baş aldatmaq, yenilikçi kimi görünmək xətrinə deyib.

Reallıqda isə ABŞ-ın xarici siyasəti köhnə mərəzlərdən qurtulmayıb.
Bunların fonunda son zamanlar Amerikada keçirilmiş bir sıra sorğunun nəticələri maraq doğurur. ABŞ-ın “FOX” telekanalının apardığı araşdırmalara görə, rəyi soruşulanların 56 faizi hazırkı xarici siyasi kursu bəyənmir. Respondentlərin 55 faizi isə B.Obama dönəmində Amerikanın zəiflədiyinə inanır. Sorğuda iştirak edənlərin 68 faizi B.Obama administrasiyasının B.Klintonun komandasına nisbətən zəif olduğunu deyib. Onu vurğulayaq ki, “FOX” telefonla təsadüfi nömrələri yığmaqla araşdırma aparıb. Yəni onun obyektivlik dərəcəsi yüksəkdir. (“Gazeta.ru”, 5 iyun 2014).

Ülviyyə Axundova


Müəllif: