Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də keçirəcəyi müstəqillik referendumu məsələsində tarixi türkman şəhəri olan Kərkük ikiyə bölünüb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, burada yaşayan kürdlər referendumu dəstəkləyir, türkman və ərəblərsə referenduma qarşıdırlar.
İraq Türkmən Cəbhəsinin nümayəndəsi Əli Mehdi bildirib ki, onlar referendumu boykot edirlər.
Onun sözlərinə görə, Kərkük şəhərində əhalinin 50 faizi referendumun əleyhinədir: “Türkmanlar 2003-cü ildən bu yana İraqın birliyi və bütövlüyünü müdafiə edir. Referendum qanuni olmadığı üçün onu boykot edirik”.
Artıq Kərkük şəhərində referendumun boykotu ilə bağlı ciddi işlər başlanılıb. İraq Türkman Cəbhəsinin fəalları kənd-kənd gəzərək türkmanlara bu referendumun məqsədi və onun türkmanlara təsiri barədə geniş məlumat veriblər.
Kərkükün müxtəlif yerlərində “Referenduma yox!”, “Ölkəmizi bölmək istəyən referendumu rədd edirik!”, “Referendumda iştirak ölkənin bölünməsində iştirakdır” kimi şüarlara rast gəlmək olur.