Almaniyada Bundestqa seçkilər başa çatıb, nəticələr açıqlanıb. Buna rəğmən növbəti 4 ildə ölkəni idarə edəcək yeni hökumətin necə qurulacağı müəmma olaraq qalır.
Teleqraf.com bildirir ki, son seçkilərdə heç bir partiya 50+1 səs toplamayıb, bu səbəbdən koalisiya hökumətinin qurulması labüddür.
Angela Merkelin lideri olduğu Xristian Demokratlar İttifaqı Partiyası 33 faiz səs ala bilib. Merkelə əsas rəqib olan Almaniya Sosial Demokrat Partiyası 21 faiz səs toplasa da, koalisiya hökumətində iştirak etməyəcəyini açıqlayıb.
Bundestaqa üçüncü güclü partiya kimi daxil olan nasist Almaniya Alternativ Partiyasının koalisiyada təmsil olunmaq ehtimalı yoxdur. Bu partiya Angela Merkeli alman siyasi elitasından qovmaq üçün çalışacağını elan edib.
Bu halda Almaniyada növbəti koalisiya Yamayka formulunda qurula bilər. Söhbət Xristian Demokratlar İttifaqı, Yaşıllar və Azad Demokratlar partiyalarının quracağı hökumətdən gedə bilər. Bu seçkilərdə Yaşıllar 8,9, Azad Demokratlar isə 9 faiz səs alıb. Bir çox müşahidəçilər düşünür ki, növbəti hökumət məhz bu formatda qurula bilər.
Azad Demokratlar Partiyası elan edib ki, hökumət qurmaq mövzusunda müzakirələrə açıqdır. Partiya lideri Kristian Lindner bildirib ki, müzakirələrə açıq olsa da, üç partiyanın elektoratının fərqli olması səbəbindən onların bir araya gəlməsi asan deyil.
Hazırda üç partiyanın koalisiya hökuməti qurmasına ən ciddi maneə immiqrant məsələsinə yanaşma fərqidir. Bəzi partiyalar Almaniyanın qaçqın qəbul etməsi kvotasında dəyişiklik etməyi vacib sayır. Yaşıllar hesab edir ki, bu məsələdə konkret kvota olmalıdır.
Analitiklərin fikrincə, hazırda seçkidə ən çox səs alan və hökumət qurmaq səlahiyyəti olan Xristian Demokratlar İttifaqının lideri Angela Merkel oktyabrın 15-də Saksoniya federal torpağında keçiriləcək əyalət Məclisi seçkilərinin nəticələrini gözləyəcək. Bu seçkilərdə Angela Merkel Sosial Demokrat Partiyasına qalib gələrsə və birinci olarsa, güclənmiş şəkildə üç partiyanın iştirakı ilə koalisiya qurmağa gedəcək.
Xristian Demokratlar İttifaqı Birliyində təmsil olunan CSU lideri Hors Seehofer Almaniya Alternativ Partiyasının elektoratını azaltmaq üçün Merkelin qaçqınlar siyasətinə qarşı çıxış edir. Məhz bunun nəticəsidir ki, Hors Seehoferin partiyası bu seçkilərdə səs itirib.
Artıq partiya daxilində Hors Seehoferin isetfası haqqında dəhliz müzakirələri başlayıb. Hors Seehoferin Merkelə etiraz etməklə Xristian Birliyi İttifaqını zəiflətməkdə və bununla da Alternativ Alman Partiyasını gücləndirməkdə ittiham olunur.
Merkel üçün daha bir müsbət siqnal 186 mandata sahib olan Almaniya Sosial Demokrat Partiyasının Bundestaqda qrup başqanı seçkisində tək namizəd olan Volker Kauderə 51 deputatın “yox” deməsi olub. Bu 51 səs həm də Merkel üçün müsbət mənada xəbərdarlıq siqnalı kimi yozulur.
Mütəxəssislər hesab edirlər ki, Angela Merkel koalisiya hökuməti qura bilməsə, azlıq hökuməti yaradacaq və ya yeni seçkilərə gedəcək.