13 Oktyabr 2017 08:05
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərkükdə gərginlik hər gün artır. Son iki gündə 700-ə qədər PKK mənsubu Kərkük şəhərinə daxil olub.

Teleqraf.com xəbər verir ki, bu haqda İraq Türkman Cəbhəsinin Kərkük şəhər nümayəndəsi Məhmməd Səman Ağaoğlu bildirib.

Dünən axşam İraq Türkman Cəbhəsinin Kərkük ofisinə hücum edilib, ofisə bomba atılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. Ofis türkman əsgərlərinin mühafizəsi və nəzarətinə alınıb.

“Doğan” xəbər agentliyinin reportyoru İrfan Sapmaz dünən axşam Kərkük şəhərinə daxil ola bilib. Jurnalist qeyd edib ki, şəhərin giriş və çıxışlarında peşmərgənin müxtəlif yerlərdən tank və zirehli texnika gətirdiyi müşahidə edilir. Bağdad istiqamətində Kərkükə giriş qapısı isə İraq ordusunun və Haşdi-Şabi silahlı qrupunun əlindədir.

Haşdi-Şabidə təmsil olunan türkman silahlı dəstələrinin komandiri İrfan İmamlı bildirib ki, türkman silahlıları hər hansı bir hücuma və ya savaşa tam hazırdır.

Bu arada o da bəlli olub ki, şəhərdən 15 kilometr uzaqlıqda yerləşən Tazehurmatu bölgəsində türkman silahlı dəstələri gözləmə mövqeyindədir. Burada türkman qüvvələri ilə İraq ordusu birgə fəaliyyət göstərirlər.


Müəllif: Cavad