Rusiya bu gün də imperiya siyasətinə uyğun siyasət yürüdür.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Milli Məclisin deputatı, tarixçi professor Fəzail İbrahimli bildirib.
O qeyd edib ki, 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib.
Daha sonra Tarix İnstitutunun şöbə müdiri, Azərbaycan Tarix Qurumu İctimai Birliyinin sədri Tofiq Mustafazadə, tarixçilər İradə Bağırova, Sevinc Əliyeva və Finlandiyadan olan Atilla Jorma məruzə edib.
Beynəlxalq konfransın plenar iclasından sonra “1917-ci il fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Rusiya müsəlmanlarının I qurultayı”, “Oktyabr çevrilişi və Azərbaycan” və “Azərbaycan xalqının və Rusiya imperiyasının digər xalqlarının azadlıq hərəkatı” adlı dörd bölmədə fəaliyyət göstərib.
Konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Albaniya, Türkiyə, Rusiya, Özbəkistan və Polşadan olan alimlər elmi məruzələrini təqdim ediblər.