Sovet Sosialist Respublikaları İttifaqı süqut etməsəydi, yəqin ki, 2017-ci il sovetlərin həyatında xüsusi bir il olardı.
Teleqraf.com xəbər verir ki, belə ki, bu il SSRİ-də xüsusi təntənə, izdiham və coşqu ilə qeyd olunan Böyük Oktyabr Sosialist İnqilabının, yaxud müasir terminologiya ilə desək, Oktyabr çevrilişinin 100 ili tamam olur.
1917-ci il oktyabrın 25-də (yeni tarixlə noyabrın 7-də) Rusiyada baş vermiş silahlı çevriliş nəticəsində bolşeviklər müvəqqəti hökuməti devirərək hakimiyyətə gəldilər. “Avrora” kreyserindən havaya açılan top atəşi Petroqradda Qış Sarayına hücum üçün siqnala çevrildi. Kreyser sonradan Oktyabr inqilabının əsas simvolu oldu.
Təhlilçilər hesab edirlər ki, 1917-ci il Fevral inqilabı Rusiya tarixində böyük əhəmiyyət kəsb edən hadisələrdən idi. O, 300 ildən artıq davam edən Rusiya monarxiyasını dağıtdı. Rusiyanın azad demokratiya, liberal-demokratizm yolu ilə inkişafı üçün imkanlar açdı. Liberal burjua nümayəndələri bu inqilabi Rusiyanı respublika və demokratiya yoluna, kapitalizm yoluna çıxaran zəmin hesab edirdilər. Onların fikrincə, Rusiya məhz həmin zəmin əsasında Qərb demokratiyasına qoşulmalı idi. Fevral inqilabı bir neçə ay ərzində Rusiyanı siyasi cəhətdən ən qabaqcıl ölkələr səviyyəsinə çatdırsa da, bu siyasi uğurların sosial-iqtisadi cəhətdən möhkəmləndirilməməsi, daxili və xarici siyasətdəki uğursuzluqlar, sinfi qarşıdurmaların daha da kəskinləşməsi həmin nailiyyətləri əldə saxlamağa imkan vermədi. Bundan istifadə edən Vladimir Lenin və silahdaşları (bolşeviklər) oktyabr çevrilişini həyata keçirdilər. Dolayısı ilə bu inkişafın qarşısını aldılar.