Təbrizin İran parlamentindəki deputatı Məhəmməd Hüseyn Fərhəngi Təbrizdə tikilməli olan 320 yataqlı xəstəxananın Şirazda tikilməkdə olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, millət vəkili hökumətin Təbrizdə 320 yerlik xəstəxananın tikilməsi ilə bağlı uzun müddət götür-qoy etməsini tənqid edərək Kooperasiya, Əmək və İctimai Rifah nazirinə müraciətlə deyib:
“Bu xəstəxananın təməlqoyma mərasimi iki il əvvəl Təbrizin Xavəran yaşayış məntəqəsində sizin iştirakınızla keçirilib, lakin layihə elə təməlqoyma mərhələsində qalıb. Hökumətin əsas layihələrindən biri Təbrizdə 320 yerlik xəstəxananın tikilməsi idi, amma indi bu layihənin səsi Şirazdan gəlir”.
Azərbaycanlı millət vəkili daha sonra deyib: “Nə üçün bu layihə iki ildir icra olunmur? Şərqi Azərbaycan vilayətində xəstəxanalar sığortası olan şəxslərin ehtiyaclarına cavab vermir. İmkansızlıqdan bəzi xəstələr qapı arxasında gözləməli olur.
Kooperasiya, Əmək və İctimai Rifah nazirinin Təbrizə səfəri zamanı bu şəhərdə bir neçə layihənin təməlqoyma mərasimi oldu, lakin ən çox fəhlələrin məskunlaşdığı Səhənd şəhərciyində heç bir iş görülmədi.
Cənab nazir, siz özünüz mənə bu məntəqədə bir tibb mərkəzinin tikiləcəyi ilə bağlı vəd vermişdiniz.
Sərab, Sofiyan və Məlikan şəhərlərində də tibb mərkəzlərinin avadanlıqlarla təchiz edilməsi və yeni mərkəzlərinin tikilməsinə ehtiyac var. Siz bu işlərə də diqqət yetirməlisiniz”.
Qeyd edək ki, Məhəmməd Hüseyn Fərhənginin iddia etdiyi kimi, bir çox yerli mətbuat orqanı hazırda Şirazda tikilməkdə olan 320 yerlik xəstəxananın elə Təbrizdə təməli qoyulan xəstəxana olduğunu bildirir. Təbrizdə bu layihənin icrası təməlqoyma mərasimindən sonra dayandırılıb.