Qətərə rəsmi səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidentini Qətər əmiri şeyx Təmim bin Əl-Tani qarşılayıb. Daha sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Bundan sonra iki ölkə liderinin təkbətək görüşü başlayıb. Bir qədər sonra liderlər Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 3-cü toplantısında iştirak edəcəklər.
Ərdoğanın bundan öncə etdiyi Küveyt səfəri isə bu ölkənin mətbuat orqanlarında geniş işıqlandırılıb. “Əl-Ənba”, ”Əl-Cəridə”, “Əş-Şahid”, “Ən-Nəhar” kimi qəzetlər səfərin isti və dostyana bir atmosferdə keçdiyini qeyd ediblər.
Qeyd edək ki, 5 iyun 2017-ci ildə bir sıra ərəb ölkələri – Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Yəmən, Liviya və Maldiv Qətərlə diplomatik əlaqələri kəsdiklərini bildiriblər. Onlar bu addımı atmalarını Qətərin terrorçuluğu və ekstremizmi dəstəkləməsi, ərəb ölkələrinin işlərinə qarşıması və düşmənçilik siyasəti yürütməsi ilə əlaqələndiriblər. Az sonra onların sırasına Mavritaniya və Qəmər Adaları da qoşulub. İordaniya və Cibuti isə diplomatik əlaqələrin səviyyəsini aşağı salıb.
Qətər “Müsəlman qardaşlar”, “Əl-Qaidə” və “İslam Dövləti” kimi terror təşkilatlarını maliyyələşdirməkdə birbaşa ittiham olunub, həmçinin, şiə İranı ilə dostluq əlaqələrinə malik olması pislənilib.