Amerika Suriyada YPG-yə silah verilməsini başa çatdırdıqdan sonra, bu mövzuda Türkiyənin narahatlığını aradan qaldırmaq istəyir. Burada ABŞ-ın məqsədi İŞİD-dən sonrakı dövrdə Orta Şərqdə artan Rusiya və İranın təsirinə qarşı Ankaradan dəstək almaqdır.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib.
Qeyd olunur ki, bu həftə ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub, Suriyadakı vəziyyət müzakirə edilib.
Bu müzakirə haqda geniş məlumat verən Qərb mediasına görə, Tramp Ərdoğanı əmin edib ki, PKK və YPG-yə silah verilməsi dayandırılacaq.
Ancaq sonradan Ağ-Ev medianın iddialarını təsdiq etməyib.
Bununla belə, "Vaşinqton Post" qəzeti telefon mzakirələrinin pərdəarxası tərəflərini yazıb. Tramp hökumətinin YPG-yə silah göndərməyi dayandırdığını, Ağ-Evin bu məlumatı təsdiq etdiyini qeyd edən qəzet hesab edir ki, məqsəd İŞİD-dən sonrakı dövrdə Suriya probleminin siyasi yolla həlli prosesində İranın artmaqda olan nüfuzunun qarşısını kəsməkdir.
Xüsusilə qeyd olunur ki, Tramp-Ərdoğan müzakirələri Soçidə keçirilən Türkiyə-Rusiya-İran liderlərinin görüşündən sonra baş tutub. Soçi görüşündə, məhz, İŞİD məğlub olduğuna görə ABŞ qüvvələrinin Suriyanı tərk etməsi haqda çağırış edilib.
ABŞ-ın Ankaradakı sabiq və qalmaqallı səfiri Ceyms Ceffer isə deyib ki, əslində, YPG-yə silahların ötürülməsi Suriyada əhəmiyyətli rol oynaya bilər və İranı dəstəkləyən qüvvələrin zəiflədilməsini nəzərdə tutan strategiyanın bir hissəsidir. Diplomat deyib ki, ABŞ Suriya və bölgə siyasətini Türkiyənin iştirakı olmadan həyata keçirə bilməz:
“Türk hava sahəsi, türk hava limanları və Türkiyə diplomatlarının dəstəyi olmadan Suriyada uzun vədəli fəaliyyətimiz mümkün deyil”.
Xatırladaq ki, Prezident Ərdoğan ABŞ-ın PYD-yə 4 min yük avtomobili silah verdiyini və bunun faktiki olaraq Türkiyənin təhlükəsizliyini təhdid etdiyini dilə gətirmişdi.