Cənubi Koreya Respublikası və ABŞ dekabrın 4-dən 8-dək 230 hərbi təyyarənin iştirakı ilə irimiqyaslı birgə təlimlər keçirəcək.
Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, Şimali Koreyaya qarşı güc nümayişi hesab olunan hava hücumu təlimlərinə ümumilikdə 12 min hərbçi, o cümlədən hərbi dəniz qüvvələrinin kontingenti cəlb olunacaq.
Bildirilir ki, ABŞ hərbi hava qüvvələrinin 6 “F-22 Raptor” qırıcı və 4 “F-35A” qırıcı-bombardmançı təyyarəsi təlimlərdə şərti döyüş tapşırıqlarını yerinə yetirəcək. Bu, 6 “F-22” təyyarəsinin Koreya Respublikası səmasında eyni vaxtda ilk uçuşu olacaq.
Qeyd edək ki, noyabrın əvvəlində Koreya Respublikası və ABŞ birgə geniş hərbi təlimlər keçirmişdi. Təlimlərə Birləşmiş Ştatların 3 hərbi təyyarədaşıyan gəmisi də daxil olmaqla hər iki ölkənin hərbi dəniz qüvvələrinin geniş kontingenti cəlb olunmuşdu.