“Ölümümdə heç kimi günahlandırmayın, qeybət etməyin. Rəhmətliyin bundan zəhləsi gedirdi. Lilya – sev məni. Yoldaş hökumət, mənim ailəm – Lilya Brik, anam, bacım və Veronika Vitoldovna Polonskayadan ibarətdir...” - bu dünyada hər şeydən çox ölümdən qorxan insan ölümqabağı məktubunda yazır və özünü ürəyindən vurur.
Bu 14 aprel 1930-cu ildə baş verib. Həmin gün Mayakovski artıq neçənci dəfə idi ki, sevgilisi Veronika Polonskiyə ərindən ayrılıb, teatrı tərk edib onunla evlənmək təklifi edir. Veronika bu dəfə də imtina edir, otaqdan çıxır və arxasınca məşum güllə səsi eşidilir.
Sonra isə Veronika Vitoldovnanı bütün ömrü boyu müşayiət edən, arxasınca dolaşan pıçıldaşmalar: “Mayakovskinin sevgilisidir, odur... ona görə...”
Səssiz kinonun məşhur aktyorunun qızı, MBAT-ın gənc aktrisası, cazibədar, gözəl, sadə və səmimi Veronika Polonskaya çox asanlıqla Mayakovskini özünə məftun etmişdi. İlk labüd heyranlıqdan sonra gözlənilmədən özü də ona isnişir və bağlanır. “Səninçün hərdən darıxıram, son günlər isə hərdən yox, çox tez-tez”, - Mayakovski sevgilisinə... yox, Polonskiyə deyil, Parisə, Tatyana Yakovlevaya yazırdı. Elə həmin vaxtlarda da Polonskaya hərdən, sonralar isə tez-tez onun qonağı olur. Şair iyulda cənuba gedir, Yakovlevaya məktublar yazır və oradaca, Xostada (Soçidə kiçik rayon – tərc.) Polonskaya ilə görüşür, müəyyən müddətə ayrılanda isə onu teleqram atəşinə tutur. Odur ki, “mən tələsmirəm və təcili teleqramlarla səni oyatmağa və narahat etməyə gərək yoxdur” – mübahisəli sətirlər həm buna, həm də o birinə aid edilə bilər.
Mayakovski Tatyana Yakovleva ilə Parisdə rastlaşır və ona dəlicəsinə aşiq olur. “Yalnız sən mənimlə eyni boydasan, yanımda mənimlə qoşa dayansana”, – şairin ən gözəl məhəbbət şeirlərindən biri Tatyana Yakovlevaya həsr olunub. Şair onunla evlənmək istəyir, lakin gözlənilmədən “evdən kənara çıxmamağa” məhkim edilir. Deyirlər, bu “cəzada” şairin həyatının qadını, onu sevib atsa da, öz mülkiyyəti hesab edən Lili Yuryevna Brikin də əli olub.
Lili Brik və Mayakovskinin münasibətləri hamıya məlumdur, ən əsası da o məlumdur ki, “onlar Lilinin əri Osip Briklə üçlükdə yaşayırdılar”. Lili Yuryevna, bu “la femme fatale” (fr. - ədəbiyyat və kinoda flirt yolu ilə kişiləri özünə ram edən seksual qadın obrazı – tərc.) haqqında deyirdilər ki, ona bir kişi azlıq edirdi. Ancaq bununla belə, Lilya Brik təkcə bir kişiyə - öz əri Osipə çarəsizcəsinə aşiq idi. (Mötərizədə qeyd edim ki, 1945-ci ildə Osip Brik vəfat edəndə Lilya deyib: “Osip öləndə mən də öldum”). Onların münasibətləri mənəvi yaxınlığı, ruhi bağlılığı, ümumi maraqları ilə seçilirdi, ancaq... Lilya bir qadın kimi Osipin zövqündə deyildi. Buna görə də onlar çox yaxın insanlar olaraq qalmaqla ər-arvad münasibətlərinə son qoyurlar. 26 yaşlı gənc bir qadın belə bir – hər şeyi öz adı ilə adlandırmaq lazımdır! – həqarətlə barışa bilərdimi? Lilya ərinə arzulanan və sevilən bir qadın olduğunu sübut etmək qərarına gəlir. Bununçünsə başqa bir kişinin hiss və duyğularının hər gün, açıq-açığına və emosional şəkildə nümayiş olunması lazım idi. Özünə və ərinə qadınlıq qabiliyyətini göstərmək üçün ehtiraslı, çılğın və həyəcanlı Mayakovskidən daha münasibi yox idi.
1929-ci ilin oktyabrında, məşum güllə səsinin səslənməsinə yarım il qalmış Lilya Mayakovskinin yanında bacısı Elzaya yazılmış məktubu ucadan oxuyur ki, Yakovleva vikont (Fransa və İngiltərədə zadəgan rütbəsi – tərc.) dü Plessiyə ərə getməyə hazırlaşır. Əslində isə toy söhbəti hələ bir ay sonra ortaya çıxacaqdı. Yakovleva ömrünün sonunadək bu məktub əhvalatına görə Briki unutmayacaq. Və bir dəfə acı ironiya ilə etiraf edəcək ki, hətta buna görə Brikə minnətdardır. Əks halda Mayakovskini səmimi-qəlbdən sevdiyindən SSRİ-yə qayıdar və 37-ci ilin ət maşınında məhv olardı. Tatyana Mayakovskinin yoxluğunu ondan könüllü imtina kimi qəbul edir, hələ üstəlik onun Moskvada evlənməsi haqqında şaiyələr də gəlib çatır. Əslində isə Mayakovski sadəcə, onun yanına gedə bilmirdi və dostlarından birinin sözlərinə görə, demişdi ki “vurulub və tezliklə bu qadını görə bilməsə özünü güllələyəcək”. 1930-cu ilin yanvarında Tatyana Yakovleva ərə gedir. Mayakovski o qədər iztirab çəkir ki, Veronika Polonskidən münasibətlərini dərhal rəsmiləşdirməyi tələb edir. Və yalnız indi əsas məsələ aydınlaşır – Veronika Vitoldovna Polonskaya təkcə Mayakovskiyə məxsus deyildi. Bundan əlavə, o, ərdə idi və ərinə xəyanət etdiyini, başqasını sevdiyini də heç cür etiraf edə bilmirdi. Mayakovski dəli-divanə olmuşdu, gah onu ömrünün axırınadək sevəcəyinə and içir, gah hədələyir, təhqir edir, özünü də, qadını da incidirdi. Aprelin 12-də Mayakovski Polonski ilə son, həlledici söhbətlərinin planını cızır. Həmin söhbətdə isə bir neçə dəfə təkrar edir: “Mən gülünc deyiləm... gülünc olmaq olmaz”. İntihar haqqında da eynilə belə yazır: “Mən həyatıma son qoymaram, bədii teatra belə bir həzzi bəxş etmərəm”. Sayıqlamadır, sərsəmləmədir, ümumiyyətlə, təbiətən xarakterində olan xüsusiyyətlər onun varlığının mahiyyətinə çevrilmişdi. Polonskaya dəhşət içərisindədir, yalvarıb xahiş edir ki, həkimə müraciət etmək lazımdır. Mayakovski bu sözlərə qorxunc qəhqəhə ilə gülür, aprelin 14-də isə sevgilisi ilə söhbətdən sonra çaxmağı çəkir.
Nəticədə müasirləri Veronika Vitoldovnanı açıqca ittiham edirdilər ki, o, Mayakovskinin istədiyi kimi ərini və teatrı atıb onun yanına getməyib və bununla da şairi intihar həddinə çatdırıb.
Bütün bunlar tamamilə absurddur. Vladimir Mayakovski ona görə intihar etdi ki, daima itirməkdən bezmişdi. Ehtiraslı, sevən, açıq və çılğın insan olan şair özünü bütünlüklə sevimli qadınına bəxş etmək istəyirdi. Bəs bunun müqabilində nə qazandı? Lilya Brik: çox qəribə əlaqə idi, əri Osip Briklə üçlükdə həyat, Mayakovskiyə bir kişi kimi soyuq münasibəti və Vladimiri hər yerdə nəzarətdə saxlamağı və qeyri-normal qəyyumluq cəhdləri. Şair Lilyanı inanılmaz çox sevirdi, ancaq heç vaxt onun həyatında yeganə kişi ola bilmədi. Tatyana Yakovleva – ulduz, cazibədar, ağıllı, heyranedici qadın yad ölkədən idi və hökumət öz inqilab carçısını siyasi baxımdan düzgün olmayan şəxsi xoşbəxtlikdən məhrum etdi. Nəhayət, Veronika Polonskaya: onun rolu, nəhayət, Mayakovskinin yorğun qəlbini və iztirab çəkən ruhunu sakitləşdirməkən ibarət idi. Ancaq bu qadın da sərbəst deyildi və onun naminə heç nəyini fəda etmək istəmədi.
Vladimir Mayakovskinin sonuncu məhəbbəti Veronika Polonskaya demək olar ki, sadəcə, lazım olan zamanda və yerdə deyildi. Şairin intiharı isə dolaşıq və faciəvi məhəbbət macəralarının labüd nəticəsi, xitamı idi.
/axar.az/