ABŞ-da həbsdə saxlanılan azərbaycanlı milyarder Rza Zərrab “Xalqbank”ın direktor müavini Hakan Atillanın Nyu Yorkda keçirilən məhkəməsinə gətirilib.
Zərrab məhbus geyimində və ayaqları qandallı şəkildə məhkəmə salonunda əyləşdirilib.
Məhkəmə prosesini izləyən “Lou360” agentliyinin müxbiri Pit Braş Zərrabın ifadə verdiyini bildirib.
İrana qarşı sanksiyaları pozma, çirkli pulların yuyulması və digər bir çox maddələrlə ittiham edilən azərbaycanlı milyarder ifadəsində bunları deyib:
“Prokurorluq qarşısında 3 öhdəliyim var: Həqiqəti demək, ABŞ hökuməti ilə əməkdaşlıq etmək və bir daha cinayət törətməmək. Həbs olunduğumda çox qorxmuşdum deyə, həqiqəti söyləyə bilmədim. Prokurorluqla əməkdaşlıq həbsdən çıxmağın ən rahat yoludur.
ABŞ hökuməti mənə əfv sözü verməyib. Hərəkətim məhdudlaşdırılıb. Həbsdə olanda bir mühafizəçiyə içki və mobil telefondan istifadə üçün rüşvət verdiyim doğrudur. Türkiyəyə ekstradisiya olunmam üçün vəkillər tutdum. Bu baş tutmayınca günahımı etiraf etdim. İran neft-qaz gəlirlərini əldə etdiyi gəlirləri sanksiyalar səbəbindən istifadə edə bilmirdi. Məhməd Hakan Atilla bu məsələdə ən məlumatlı adam idi. “AktivBank” İranla əməkdaşlıq edəcək müştərilərə hesab açılması üçün xüsusi icazənin olmasını bildirdi.
Egemen Bağış (Türkiyənin sabiq AB işləri üzrə naziri) “AktivBank”da hesab açmaq üçün mənə xüsusi yardım etdi. 2010-2011-ci ildə İran Mərkəzi Bankının sədri Mahmud Bəhmani ilə görüşlər keçirdim. İran Mərkəzi Bankına maliyyə xidməti məsələsində razılıq əldə olundu. Daha sonra “AktivBank” rəhbəri ilə görüşdən sonra hesab açdım. Hesab 5-10 milyon avro ilə dövriyyəyə başladı.
İran Mərkəzi Bankı ilə razılaşmanın pozulmasından sonra aralarında Hüseyn Nəcəfzadənin də olduğu “Bank Mellat” nümayəndələri ilə görüşüb ABŞ sanksiyalarını pozmağa başladıq. “Aktiv Bank” gəlirin önəmli bir hissəni qarşılayırdı”.
Günün ikinci yarısında məhkəməyə qandalsız gətirilən Zərrab müğənni Ebru Gündəşin əri olduğu üçün daim göz önündə olduğunu və bu üzdən bəzi bankirlər onunla əməkdaşlıq etməkdən imtina etdiyini bildirib. Zərrab planlarının həyata keçməsi üçün sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana rüşvət verdiyini bildirib. "Zəfər Çağlayanla əlaqə yaratdım. Nazir idi. Ona 45-50 milyon arasında rüşvət ödədim. Çağlayan İranla qurulan ticari əlaqələrə görə 50 faiz pay istədi.
Proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.