ABŞ prezidenti Donald Tramp Tvitter hesabında İngiltərə baş naziri Tereza Meyi tənqid etmək istəyərkən səhvən başqa bir hesaba mesaj atıb.
Teleqraf.com xəbər verir ki, o, sonra səhvini anlayaraq mesajı silsə və əsl ünvanı tapsa da, onun səhvi ciddi müzakirə doğurub.
Məlum olub ki, Trampın Tvitter hesabında Tereza Mey adlı 6 izləyicisi var. Prezident bu səbəbdən baş nazir Tereza Meyi tapmaqda çətinliklə üzləşib.
Tramp baş nazirə mesajında belə yazıb: “Tereza, mənimlə məşğul olmaqdansa, Birləşmiş Krallıqda müşahidə edilən radikal islamçı terrorla məşğul ol”.
Qeyd edək ki, baş nazir Tereza Mey ötən günkü açıqlamasında Trampın İngiltərədəki aşırı sağçı “Öncə İngiltərə” Partiyasının liderinin Tvitter statusunu paylaşmasını tənqid edərək bunu səhv hesab etdiyini vurğulamışdı.