Şimali Koreyanın son qitələrarası raket sınağı dünyanı müharibəyə yaxınlaşdırır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli deyib:
“Biz heç zaman Şimali Koreya ilə müharibə istəməmişik və bu gün də istəmirik. Əgər müharibə başlasa, bu, Pxenyanın son raket sınağı kimi davamlı təcavüz aktları üzündən baş verəcək və heç şübhəniz olmasın ki, Şimali Koreya rejimi tamamilə darmadağın ediləcək”.
Amerikalı səfir BMT üzvlərini Pxenyanla əlaqələri kəsməyə çağırıb:
“Bütün ölkələr Şimali Koreya ilə diplomatik əlaqələri dayandırmalı, onunla hərbi, elmi, texniki və ticari əməkdaşlığı məhudlaşdırmalıdırlar”.
Səfirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Çin lideri Şi Tsinpinlə telefon söhbətində Pekini Şimali Koreyaya neft ixracatını dayandırmağa çağırıb:
“2003-cü ildə Çin Şimali Koreyaya neft satmağı dayandırdıqdan az sonra Şimali Koreya danışıqlar masasına gəldi”.
Qeyd edək ki, dünən Şimali Koreya çərşənbə günü ABŞ-a çata biləcək yeni qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini elan edib. Raket 4500 kilometr hündürlüyə çatıb ki, bu, Beynəlxalq Kosmik Stansiyasının yerləşdiyi nöqtədən 10 dəfə yüksəkdir. Daha sonra raket Koreya yarımadasından 1000 kilometr şərqdə Yapon dənizinə düşüb.