Avropa Komissiyasının rəhbəri Donald Tusk “Breksit” müzakirələrinin taleyini İrlandiya sərhədlərinin təhlükəsizliyi ilə əlaqələndirərək Londona xəbərdarlıq edib.
Teleqraf.com-un məlumatına görə, Avropa Komissiyasının prezidenti Tusk bildirib ki, İngiltərə tərəfinin sərhəd təhlükəsizliyi mövzusunda irəli sürəcəyi təklif İrlandiya üçün qəbuledilməz olduğu təqdirdə, Avropa Birliyi üçün də qeyri-məqbul olacaq.
“İrlandiyanın tələbləri Avropa Birliyinin də tələbləridir” deyən Donald Tusk 1998-ci ildə əldə olunan sülh anlaşmasının üzərindən keçilməsinə imkan verməyəklərini xüsusilə qeyd edib: “Bu mövzuda heç bir halda razılaşmaya getməyəcəyimiz aydındır. Üstəlik bu müzakirələrin nəticələri Avropa Birliyi ilə İngiltərə arasında münasibətlərin gələcəyinə də bağlıdır”.
Avropa Komissiyası prezidentinin bu açıqlamaları İngiltərədə ciddi etrazlara səbəb olub. Avropa Birliyinə qarşı olan Ukip Partiyasının sabiq lideri Nigel Farage bəyan edib ki, Tisk və Avropa Birliyində səsləndirilən fikirlər bizi aşağılamaq məqsədi güdür: “Baş nazir Tereza Mey müzakirələri dayandırmalı və Avropa Birliyi ilə aparılan dialoqdan çıxmalıdır”.
Xatırladaq ki, Avropa Birliyi İrlandiyanın sərhəd təhlükəsizliyi mövzusunda yetərli təhdidlər səbəbindən Londona gələn həftənin ilk iş gününə qədər möhlət verib. Brüssel “Breksit” çərçivəsində üç əhəmiyyətli müzakirə blokundan biri olan sərhəd məsələsini həll etmədən ticarət mövzusunu müzakirə etmək istəmir.