ABŞ Senatı ölkənin vergi sistemində son 30 ildə ən böyük dəyişiklikləri özündə ehtiva edən 1,5 tirlyon dollarlıq vergi layihəsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Senat üzvləri layihəni Vaşinqton saatı ilə 02:00 radələrində keçirilən səsvermə zamanı qəbul edib.
Senatorlardan 49 nəfər layihənin əleyhinə çıxsa da, 51 nəfər onu dəstəkləyib.
Demokratların əleyhinə çıxdığı yeni vergi islahatlarına Respublikaçılar Partiyasından yalnız bir senator - Bob Corker dəstək verməyib.
Bob Corker deyib ki, yeni qanun layihəsi ABŞ büdcəsində ən azı 1 trilyon dollar kəsir yarada bilər.
Yeni vergi qanununa əsasən, ABŞ şirkətlərinin ödədiyi vergi rüsumları 30 faizdən 20 faizə endiriləcək.
Donald Trampın vergi islahatları kimi tarixə düşəcək layihəyə qarşı güclü müxalifət formalaşmasına baxmayaraq sənədin Senatdan keçməsi prezident Tramp və Respublikaçılar Partiyasının bu il ən önəmli uğuru hesab olunur.
Vergi layihəsi 500 səhifədən ibarətdir. Demokratlar bəyan edirlər ki, bu sənəd qısa müddətdə müzakirə edilib, üstəlik, layihə müzakirələrdən bir neçə saat əvvəl açıqlanıb.