Günü-gündən Yaxın Şərqdəki mövqeyini itirən ABŞ bölgədə yeni müharibəyə başlamaq üçün əlindən gələni edir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, son vaxtlar Səudiyyə Ərəbistanı vasitəsilə bölgədə addımlar atan ABŞ İrana qarşı müharibəyə başlamaq niyyətindədir.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Yəməndəki husilər tərəfindən ər-Riyad aeroportuna atılan raketləri mətbuat konfransında nümayiş etdirib.
Bununla yanaşı, ABŞ-ın müttəfiqi sayılan BƏƏ beynəlxalq ictimaiyyəti İran təhlükəsinə qarşı mübarizəyə çağırıb.
ABŞ Dövlət Departamentinin yaydığı bəyanat da İranı hövsələdən çıxarmağa yönəlib:
“Vaşinqtonun təqdim etdiyi dəlillər İranın BMT qətnamələrini kobud surətdə pozduğunu, bölgədə silah satışı ilə məşğul olduğunu sübut edir. İranın bu addımı dinc sakinləri təhlükəyə atır”.
İran isə ABŞ-ın bu ittihamları qəti şəkildə rədd edib:
“Bu silahlar guya İranda hazırlanırmış kimi ABŞ-da istehsal edilir və bölgədəki silahlı qruplara paylanır. Onlar bununla Yəməndə törətdiyi insanlıq cinayətlərini ört-basdır etməyə çalışırlar”.
BMT-nin baş katibi Antonio Quterreş də ABŞ-ın bu iddialarını qəbul etməyib. O bildirib ki, ABŞ-ın təqdim etdiyi raketlərlə İranda istehsal olunan raketlərin oxşarlığı var, amma bunlar eyni deyil.