Gəncliyində qarşılaşdığı çoxsaylı uğursuzluqlara baxmayaraq, o, ruhdan düşmədi və bəlkə də məhz bu səbəbdən indi dünyanın ən zəngin iş adamlarından biridir. Bu, “Alibaba”nın qurucusu Cek Manın insanlara ilham verən uğur hekayəsidir.
Elektron ticarət nəhəngi olan “Alibaba” şirkətinin qurucusu Cek Ma asan həyat yolu keçmədi. Amma o, son zamanların ən məşhur e-ticarət saytını yaratmağı və şirkətini dünyada ən uğurlu kompaniyalardan birinə çevirməyi bacardı.
Ayda 15 dollara işləyən çinli müəllim
Cek Ma 1964-ci ildə Çində dünyaya gəlib. Uşaq vaxtı ən böyük xəyalı ingilis dilini öyrənmək idi. Bunun üçün hər səhər şirin yuxusuna haram qatır, erkən qalxıb turistlərlə ingiliscə danışmağa çalışırdı.
Universitetə girmək istədikdə, 3 dəfə uğursuz imtahandan sonra axırda Pedaqoji İnstituta daxil oldu. Bu dövrdə həmçinin 30 ayrı-ayrı iş yerinə ərizə verdi, ancaq müraciət etdiyi bütün ünvanlardan rədd cavabı aldı.
O dövrdə “KFC” şəbəkəsi Çin bazarında təzə-təzə tanınırdı və tələb olunan yerlərə müraciət edən 24 nəfər arasında yalnız Cek Ma işə qəbul edilmədi. Harvard Universitetinə də 10 dəfə müraciət etdi, ancaq rədd olundu.
O ərəfədə liseydə tanış olduğu bir qızla evləndi və beş il ərzində ayda 15 dollara müəllimlik etdi.
1995-ci ildə ABŞ-a səyahəti zamanı internetlə tanış olan Cek Ma əvvəlcə bunun nə olduğunu tam anlaya bilmədi, axtarış proqramında apardığı sınaqlardan sonra üzləşdiyi nəticələrə isə inanmadı.
“Əlibaba və qırx quldur” nağılı gerçəkləşir
O, kompüter və internet xidmətinin çox bahalı olduğu Çinə 1999-ci ildə döndü, bir sayt yaratmaq fikrinə düşdü.
Saytın adı “Min bir gecə”dəki “Əlibaba və qırx quldur” nağılından ağlına gəlmişdi. Bu adın məşhur olub-olmadığını yoxlamaq üçün yoldan keçənlərdən soruşdu. İnsanlar bu adı tanıdılar, beləcə sayt “Alibaba.com” adlandırıldı.
Saytın əsasının qoyuluşu 1999-cu ildə, sadəcə, 100 min dollar sərmayə ilə baş tutdu. Qısa müddətdə bir çox adamların marağını qazanan sayt tezliklə böyük şöhrət qazandı. Hazırda dünyanın müxtəlif yerlərindən alıcı və satıcılar internet üzərindən bu saytla ticarət edirlər.
Şirkət 19 sentyabr 2014-cü ildə əhaliyə dəstək təklifi ilə 24,7 milyard dollarlıq bir məbləğ topladı və bu, bütün zamanların ən böyük dəstək təkliflərindən biri kimi tarixə düşdü.
Hazırda 24 min əməkdaşı, 10 mindən çox müştərək şirkəti olan “Alibaba”nın rəhbəri Cek Ma 2013-ci ildə vəzifəsindən istefa verərək gənclərə imkan yaratmaq istədiyini açıqladı.
Bu gün şirkətdə İdarə Heyətin sədri vəzifəsində işinə davam edən Cek Ma bir çox sahibkara nümunə göstərilir. O, həyatda bütün uğursuzluqlara baxmayaraq, bir təşəbbüslə hər şeyi dəyişməyin mümkünlüyünü sübut etmiş oldu.
“Biz dəliyik, amma axmaq deyilik"
Cek Manın 100 min dollarlıq sərmayəsi hesabına qurulan “Alibaba.com”un bu gün “Alibaba Group” adı altında ABŞ-dan Cənubi Koreyaya, Hindistandan İngiltərəyə qədər, təxminən 80 ölkədə 20 mindən çox əməkdaşı, 10 mindən çox biznes tərəfdaşı var.
Elektrotexnikadan avtomobilə qədər 40 fərqli kateqoriyada 190 ölkədən alıcı və satıcının ünsiyyətə qurduğu qlobal topdansatış platforması olan “Alibaba” milyonlarla alıcı və satıcıya xidmət edir.
3,5 milyondan artıq şirkətin fəaliyyət göstərdiyi “Alibaba”nın illik dövriyyəsi 300 milyard dolları ötüb.
Cek Ma şirkətinə maliyyə axtararkən bir çox Amerikalı investisiya fondlarının təmsilçiləri: “Bu adam dəlidir, bu iş alınmaz” deyirdi. Hətta ilk dəfə “Tayms”da xəbər yayılanda ondan "Dəli Cek" deyə danışırdılar.
Cek Ma özü bundan məmnundur. "Dəlilik yaxşıdır. Biz dəliyik, amma axmaq deyilik. Mənim fikirlərimə hamı qoşulsaydı, şansım olmazdı". Tamamilə haqlıdır... İnsan bəzən böyük qələbələr üçün qərarı tək verməli olur.